Rəqəmsal TV avadanlığı pulsuz veriləcək

Rəqəmsal TV avadanlığı pulsuz veriləcək

"Azərbaycanda rəqəmsal TV yayımına keçid layihəsi çərçivəsində aztəminatlı ailələrə müvafiq zəruri avadanlıqların pulsuz verilməsi ilə əlaqədar 5 mln. manat həcmində vəsaitin xərclənməsi gözlənilir". SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 90%-i rəqəmsal TV-dən istifadə edir: "Azərbaycanda fəaliyyət göstərən televiziyalar rəqəmsal yayıma keçib. Əsas məsələlərdən biri əhalinin rəqəmsal TV yayımına baxmaq üçün müvafiq avadanlıqlarının olmasıdır ki, bu avadanlığın da qiyməti 30-50 manat təşkil edir. 2013-cü ildə ölkədə analoq yayım dayandırılacaq və tam rəqəmsal TV yayımına keçiriləcək. Bununla belə qeyd edim ki, 2015-ci ildən analoq televizorların istehsalı dayandırılacaq".

Nazir qeyd etdi ki, ölkədəki aztəminatlı ailələr bu avadanlığı pulsuz alacaq: "Hazırda ölkədə 120 mindən artıq aztəminatlı ailə var. Onlara bu avadanlıqlar pulsuz veriləcək. Bu istiqamətdə 5 mln. manat vəsaitin ayrılması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə