İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib. İİN-dən SİA-ya verilən məlumata görə, nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən İqtisadi İnkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev 2012-ci ildə qazanılan iqtisadi nailiyyətlər barədə məlumat verib.

Qeyd edilib ki, uğurla yola saldığımız 2012-ci ildə ÜDM 2,2% artıb, onun adambaşına düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil edib, ÜDM-nin artımına qeyri-neft sektoru hesabına nail olunub. Ötən il qeyri-neft sektorunda artım 9,7% təşkil edib, qeyri-neft sənayesi 7,8%, kənd təsərrüfatı 5,8%, tikinti 18%, nəqliyyat 5%, rabitə 15,9%, turizm 18,8% artıb. İllik inflyasiya 1,1% təşkil edib. Bütün mənbələr hesabına iqtisadiyyata 22,1 milyard dollar investisiya yatırılıb ki, bunun 13,3 mlrd. dolları daxili, 8,8 mlrd. dolları isə xarici investisiyalardır.

Ötən ilin 11 ayında 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 mlrd. dollar, xarici ticarət saldosu müsbət 22,6 mlrd. dollar təşkil edib, qeyri-neft ixracı 11,2% artıb. Ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dollar olub ki, bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur. Məqsədyönlü dövlət proqramlarınının uğurlu icrası nəticəsində regionlarda, Bakı şəhəri və onun qəsəbələrində abadlıq-quruculuq işləri davam edib, yeni müəssisələr, iş yerləri açılıb. Ötən il infrastruktur layihələrinin icrası, sənaye parklarının təşkili istiqamətində tədbirlər davam etdirilib.

2012-ci ildə sosial layihələr həyata keçirilib, əhalinin pul gəlirləri 13,8%, əmək haqqı təqribən 10% artıb. Ölkədə yoxsulluğun səviyyəsi 6%-ə, işsizliyin səviyyəsi isə 5,2%-ə enib.

Sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri real bəhrələrini verib, ilin yekunlarına görə özəl bölmənin ÜDM-də xüsusi çəkisi 83% təşkil edib. Dövlət başçısının tapşırığına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi təmin edilmiş, sahibkarlara göstərilən elektron xidmətlərin sferası daha da genişləndirilib.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə bir sıra tapşırıqların verildiyini vurğulayıb.

Kollegiya iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, infrastruktur layihələrinin icrası, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, 2013-cü ilin İKT ili elan olunması ilə əlaqədar informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və digər istiqamətlərdə verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.

İclasda həmçinin, Azərbaycan iqtisadiyyatının, biznes və investisiya mühitinin təşviqi sahəsində Nazirlik tərəfindən görülən işlər müzakirə edilib, bu sahədə tədbirlərin gücləndirilməsi, effektivliyinin artırılması istiqamətində tapşırıqlar verilib.

Kollegiya iclasında bir sıra cari məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə