Gartner bu ilin İT-direktorların prioritetlərini müəyyənləşdirib

Gartner bu ilin İT-direktorların prioritetlərini müəyyənləşdirib

Gartner şirkəti 2013-cü ildə informasiya texnologiyaları üzrə direktorların (CIO) rəhbər tutacaqları biznes və texnoloji prioritetlərin siyahısını dərc edib. SİA-nın xəbərinə görə, bu barədə Cnews saytı məlumat yayıb. Tədqiqat zamanı analitiklər 41 dövlətdə yerləşən 36 sahədə fəaliyyət göstərən 2053 şirkətin İT-direktoru arasında sorğu aparıblar.

Sorğunun nəticəsi olaraq biznes-prioritetlər siyahısında artım tempinin yüksəldilməsi, xərclərin azaldılması, yeni müştəri və əməkdaşların cəlb olunması və əldə saxlanması, novatorluq, böyük həcmli məlumatların emalı üçün analitik həll və sistemlərin tətbiqi, yeni bazarlara çıxış, coğrafiyanın genişləndirilməsi və digər bəndlər yer alıb. Öz növbəsində texnoloji prioritetlər siyahısına mobil texnologiyalar, bulud hesablamaları, birgə iş texnologiyası və virtuallaşdırma daxildir.

Tədqiqatın nəticələrini şərh edən Gartner-in eksperti Mark Makdonald bildirib ki, CIO müasir rəqəmli texnologiyalardan bəhrələnmək üçün yeni rol, model və üsullara yiyələnməlidir. Şirkət nümayəndələri CIO-nun səlahiyyət dairəsinin getdikcə daha da genişləndiyini deyirlər. Hazırda onların 67 faizi İT-şöbələrin idarə olunması daxil olmaqla şirkət rəhbərləri funksiyalarını da yerinə yetirirlər və yalnız 33 faiz birbaşa vəzifə səlahiyyətləri ilə məşğuldur.

Sorğuda iştirak edənlərin fikrincə, yaxın 10 il ərzində biznesə daha çox təsiri mobil texnologiyalar göstərəcək (rəyi soruşulanların 70 faizi məhz bu bəndi sadalayıb). İkinci yerdə analitika və böyük məlumatlar (55 faiz), üçüncüdə - sosial şəbəkələr (54 faiz), dördüncüdə - açıq bulud platformaları (51%) qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə