Şahin Mustafayev: “Əhalinin gəlirləri artıb”

Şahin Mustafayev: “Əhalinin gəlirləri artıb”

2011-ci ildən başlayaraq ötən ildə də ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri-neft sektorunun hesabına formalaşıb və 2,2 faiz olub. Qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etməklə, ümumi daxili məhsulda payı artaraq 52,7 faizə çatıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, on bir ay ərzində 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil edib, qeyri-neft ixracı 11,2 faiz artmış, strateji valyuta ehtiyatları 46 milyard dollar olub. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur: "Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olub, bundan 13.3 milyard daxili, 8.8 milyard isə xarici investisiya təşkil edib. Ölkədə elektrik enerjisi istehsalı 6,9 faiz artıb, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilib, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılıb, alternativ və bərpa olunan enerji ilə təminat sahəsində "Azgüntex" günəş panelləri, "Füzuli" və "Qusar-1" su elektrik stansiyaları istifadəyə verilib".

Ş.Mustafayev deyib ki, ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilib ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır: "Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılıb. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.Bakı və onun qəsəbələri üzrə müvafiq proqramın qəbulundan ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilib".

İİN əldə edilən davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratdığını, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirlərinin 13,8 faiz artdığını, əhali gəlirlərinin artımının inflyasiyanı təxminən 13 faiz bəndi üstələdiyini sözlərinə əlavə edib: "Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olub, 117 min yeni iş yeri açılıb. Ötən il ərzində orta aylıq əmək haqqı 9,1 faiz artaraq, 391,4 manat təşkil edib, əhalinin banklardakı əmanətləri 24,4 faiz artıb. Əmanətlərə görə faiz gəlirlərinin vergidən azadolma müddəti uzadılıb ki, bu da onların sərəncamında qalan vəsaitləri artıracaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə