"Qəza baş verən ərazidən İpək Yolu keçir” AÇIQLAMA

"Qəza baş verən ərazidən İpək Yolu keçir” AÇIQLAMA

"Hacıqabul rayonunun Pirsaat qəsəbəsindən keçən hissəsində baş verən qəza ilə bağlı komissiya yaradılıb. Təbii ki, bir gün ərzində araşdırmanın nəticəsi məlum ola bilməz. Araşdırmaların yekunu olaraq biz də mətbuata açıqlama verəcəyik. Hələlik isə yekun qərar çıxarılmayıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, qatar qəzalarının olması da qaçılmazdır: "Təbii ki, qəzaların olması sevindirici hal deyil. Buna baxmayaraq, baş vermiş hər hansı bir hadisə zamanı meydana gələn problemləri aradan qaldırmaq üçün bütün tədbirləri həyata keçirməyə hazır vəziyyətdəyik".

Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı-Böyük Kəsik yolu təmir işləri aparılır: "Artıq bununla bağlı 170 km yol təmir olunub. Bundan sonra bu işlər davam etdiriləcək. Təbii ki, hadisənin baş verdiyi ərazi vacib olan yerlərdən biridir. Çünki buradan İpək yolu keçir. Bu yola hər zaman diqqət göstərilir. Baş verən hadisə isə əsas yolda deyil, kənar xətdə baş verib. Qəza yüklərin daşınmasını həyata keçirən birinci xətdə olmayıb".

Digər ərazilərdə mövcud olan yararsız xətlərə gəlincə isə qurum rəsmisi qeyd edib ki, mütəmadi olaraq təmir işləri aparılır: "Dövlət proqramı çərçivəsində tək yolların təmiri deyil, eləcə də Bakı-Böyük Kəsik yoluna qədər olan ərazidə elektrik təchizatı ilə əlaqədar axtarış işlərinə start verilib. Belə ki, burada sabit cərəyandan dəyişən cərəyana keçmək prosesi həyata keçiriləcək. Bundan sonra isə rabitə və siqnalizasiya işlərinə başlanılacaq. 2014-cü ilə qədər Bakı-Böyük Kəsik yoluna qədər olan məsafədə müasirləşdirmə, yeniləşdirmə işləri aparılacaq. Bütün bu işlər həyata keçirildikdən sonra qatarların sürətini saatda 140 km-ə qədər artırmağı düşünürük".

Qeyd edək ki, hadisə baş verən ərazidə qatarların öz marşrut xəttləri üzrə hərəkəti bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə