Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, konfransda 1988-ci ildə Avstraliyanın Melbrun şəhərində qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Reqlamentinə baxılmış və son illər ərzində telekommunikasiya sektorunun sürətli inkişafı nəticəsində texnologiya və xidmətlərin beynəlxalq miqyasda göstərilməsinin nizamlanması üçün yeni Reqlamentə əhəmiyyətli əlavə və dəyişikliklər edilib.
Beynəlxalq Telekommunikasiya İttifaqına üzv dövlətlər tərəfindən beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi üçün bağlanacaq xüsusi sazişlərin əsas şərtləri, mobil rabitədə rouminq şəffaflığı, xidmətlərin qənaətbəxş keyfiyyətinin təmin edilməsi, nömrə və ünvan resurslarından səmərəli istifadə edilməsi, beynəlxalq telekommunikasiya şəbəkəsində təhlükəsizlik və dayanıqlığın təmin edilməsi və s. aktual məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.
Konfrans müddətində nazir Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture, ABŞ, Rusiya və digər ölkələrin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Konfransın sonunda Beynəlxalq Telekommunikasiya Reqlamentinin yeni mətni Azərbaycan adından nazir Əli Abbasov tərəfindən Xarici İşlər Nazirliyinin təqdim etdiyi qeyd-şərtlərlə imzalanıb.
Sənəd Azərbaycan qanunvericiliyinə uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Konfransın bağlanış mərasimində nazir Regional Rabitə Birliyinə üzv ölkələrin administrasiyaları adından çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB