Azərbaycan "Antalya Forum"unda təmsil olunub

Azərbaycan "Antalya Forum"unda təmsil olunub

Azərbaycanın nümayəndə heyəti 30 noyabr- 1 dekabrda Türkiyədə keçirilən "Antalya Forumu"nda iştirak edib. Bu barədə SİA-ya forumda iştirak edən fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov məlumat verib.

Onun sözlərinə görə, forum Dialoq Avrasiya Platformasının təşkilatçılığı ilə baş tutub: "Sosial mövzuların müzakirə edildiyi forum iki hissədən ibarət olub. I hissədə "Beynəlxalq iqtisadi quruluşu yenidən düşünmək" adlı iqtisadiyyat üzrə elmi konfrans, II hissədə isə Avrasiya Platformasının baş katibini seçmək məsələsi müzakirə olunub. Noyabrın 30-da forumun I hissəsi baş tutub. Açılış iclasından başqa konfrans 4 bölmədən ibarət olub. Hər bölmədə isə 4 nəfər danışıb".

Foruma Amerika, Çin, Hindistan və MDB ölkələrindən nümayəndələrin qatıldığını deyən professor qeyd edib ki, tədbirdə 21 ölkədən 400-ə yaxın nümayəndə iştirak edib: "Zəif ölkələrin inkişaf yolları və gəlirlərin bölgüsündə ədalətsizlik" mövzusunda məruzə ilə çıxış etdim. Baxmayaraq ki, məruzəm forumun axırında idi, ancaq çıxışımı Qazaxıstanın Dövlət Quruculuq İnstitutunun direktoru Ayaqan Burkut çox bəyəndi".

Şahlar Əsgərov onu da əlavə edib ki, Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə Milli Teleradio Şurasının sədri Nurşirəvan Məhərrəmli, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid, Milli Elmlər Akademiyasının İqtisad İnstitutunun 10-a yaxın gənc iqtisadçı alimləri iştirak edirdi.

Qeyd edək ki, forum 1998-ci ildə Çingiz Aytmatov tərəfindən Avrasiya və digər ölkələr arasında əlaqələri möhkəmləndirmək üçün yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə