Bakcell nömrələri pulsuz olacaq

Bu gün Bakcell mobil rabitə operatoru şəbəkəsində nömrələrin daşınması xidməti (MNP - Mobile Number Portability) ilə bağlı jurnalistlərə treninq keçirib. SİA-nın məlumatına görə, treninqdə layihə barədə media nümayəndələrinə geniş məlumat verilib.

Treninqdə çıxış edən Bakcell-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Süheylə Cəfərova bildirib ki, Mobil nömrə daşınması telefon nömrəsini dəyişmədən mobil rabitə xidmətləri təchizatının dəyişmək imkanı deməkdir: "Bir sözlə, abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanını əldə edirlər".

S. Cəfərova onu da vurğulayıb ki, Bakcell mobil rabitə operatoru şəbəkəsində nömrələrin daşınması xidməti pulsuz olacaq: "Bir şəbəkədən digərinə miqrasiyanın müddəti altı gün çəkəcək. Xidmət çərçivəsində nəzərdə tutulan aspektlərdən biri abunəçinin hansı şəbəkəyə zənglər edəcəyi haqqında bildirişdir. Çünki şəbəkə daxili zənglərin və başqa operatorların şəbəkələrinə zənglərin dəyəri fərqlənir. Abunəçilərin bildirişinin əsas məqsədi ondan ibarətdir ki, abunəçi başqa operatorların şəbəkələrində zənglər edərkən xərclərə hazır olsun".

Nömrələrin daşınması xidmətinin tətbiqinin üstünlüyü ondadır ki, abunəçi seçmə hüququ əldə edir və bu, həmçinin müvafiq olaraq, operatorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxarır.

MNP xidməti üzrə işçi qrupun üzvü Emin Əsgərsoyun sözlərinə görə, başqa operatorların şəbəkəsinə miqrasiya zamanı SİM kartların dəyişdirilməsi tələb olunur: "Lakin bu xidmət Data kartlarda istifadə olunan SİM kartlar üçün əlçatan deyil. Qaydalara əsasən, xidmətdən təkrar istifadə üç aydan sonra mümkün olacaq".

"Bununla yanaşı, layihədə əhəmiyyətli məqam ondan ibarətdir ki, abunəçi başqa operatorun şəbəkəsinə yığılmış borclarla keçə bilməz, əks halda xidmətin göstərilməsindən imtina olunacaq", - Əsgərsoy qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə