Bakı metropoliteninə yeni vaqonlar gəlir FOTO

Bakı metropoliteninə yeni vaqonlar gəlir FOTO

Bakı Metropoliteni vaqon parkının yenilənməsi istiqamətində dünyanın aparıcı şirkətlərinin məhsulları arasında seçim aparır və operatorun seçilməsi ilə bağlı işlər həyata keçirir. SİA-nın Bakı Metropoliteninin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda inşa olunan yeni xətlər yalnız müasir standartlı vaqonlarla təchiz olunacaq.

Hazırda Rusiyanın "Transmaşholdinq"in yeni vaqonlarının Bakıda sınanmasına başlanacağı gözlənilir. Bu məqsədlə rusiyalı vaqon istehsalçıları ilk əvvəl Bakıya sınaq məqsədilə 5 yeni vaqon təqdim edəcək. Yaxın günlərdə "Transmaşholdinq"in istehsalı olan və "Oka" adı ilə də tanınan yeni tipli 81-760/761 vaqonları Bakıya çatdırılacaq.

"Sınaq üçün göndərilən vaqonlar qəhvəyi, qapıları isə qırmızı rəngdə olacaq. Bu, vaqonların estetik görkəmdə olmasını, amma bununla belə tunel şəraitində istismar ediləcəyini nəzərə alsaq, hələlik optimal variantdır", - deyə Metropolitendən bildirilib.

Məlumat üçün bildirək ki, bu vaqonların istismarı ilə bağlı bir qrup mütəxəssis- maşinist və maşinist-təlimatçı təcrübə mübadiləsi üçün Moskvaya ezam olunub. Dekabrın ilk günlərində onlar səfərdən qayıdacaq.

Qeyd edək ki, "Transmaşholdinq"in ən son ixtirası olan "Oka" adlandırılan yeni 81-760/761 tipli vaqonları ilk dəfə 2010-cu ildə "Eksposititrans" sərgisində təqdim edib. "Metrovaqonmaş" ASC müəssisəsi və Tver vaqon zavodunda istehsal olunan vaqonlar ilk dəfə bu ilin aprelində Moskva metropoliteninin Kalinin xəttində hərəkət etməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə