TANAP bizə nə vəd edir?

Ekspert: "Azərbaycan qaz tükəndikdən sonra da Avropa üçün tranzit rolunu qoruyub saxlaya bilər"

Regionun ən vacib layihələrindən biri olan TANAP-ın reallaşması istiqamətində ilk mərhələ artıq geridə qalıb. Türkiyə və Azərbaycan prezidentləri "Trans-Anadolu qaz kəməri layihə"si ilə bağlı 2 sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan bu stratejli layihə həm Avropaya, həm də sazişi imzalayan ölkələrə böyük üstünlüklər vəd edir.

Ölkə başçısının bu qərarından sonra "Şahdəniz" yatağının istismarının II mərhələsində çıxan qazın Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsinin reallaşması ilə bağlı tərəddüdlərə son qoyuldu. Ekspertlər hesab edirlər ki, bu layihənin həyata keçməsi Azərbaycana bir sıra üstünlüklər vəd edir.

Xatırladaq ki, bu il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin ilkin dəyəri 7 milyard dollardır. 4 mərhələdə həyata keçirilməsi planlaşdırılan layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. İlkin olaraq kəmərin buraxılış gücünün 16 milyard kubmetr, sonradan isə 31 milyard kubmetr olacağı nəzərdə tutulur. Mütəxəssislər deyir ki, TANAP əslində Qərbin Azərbaycana təklif etdiyi qərbi Nabukko və TAP layihələrinin Türkiyə ərazisinə qədər olan hissəsi deməkdir. Burdan sonra hansı marşrutun seçilməsi isə Azərbaycan hökumətindən asılı olacaq.

Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı hesab edir ki, Azərbaycan qaz tükəndikdən sonra da bu kəmər sayəsində Avropa üçün tranzit rolunu qoruyub saxlaya bilər: "Azərbaycan dövləti əvvəlcədən müəyyənləşdirib ki, Avropaya qaz satışı daha çox iqtisadi səmərə, çəkilən qaz kəmərlərinin miqyasının tez bir zamanda dəyişdirilməsi imkanları, risklərin mümkün qədər aşağı olması nəzərə alınaraq, həyata keçiriləcək".

Qeyd edək ki, TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin "BOTAŞ" və "Türk Petrolları" şirkətləri birlikdə 20% paya malikdir. Artıq Dövlət Neft Şirkəti özünə məxsus payın müəyyən hissəsini "Şahdəniz" konsorsiumuna daxil olan digər şirkətlərə satmaq niyyətini bəyan edib. Sazişə görə ARDNŞ-ın payı 51%-dən az olmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə