TANAP vasitəsiylə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq

TANAP vasitəsiylə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq

İlham Şaban: "Gürcüstanda yeni hökümət dəyişikliyi nə Azərbaycan, nə də TANAP layihəsinin həyata keçməsi üçün heç bir mane yarada bilməz"

Müsahibimiz iqtisadçı İlham Şabandır

- İlham müəllim, Milli Məclis tərəfindən TANAP boru kəmərinə dair saziş təsdiq edilib. Gürcüstanda yeni hökümət dəyişikliyinin baş verdiyini nəzərə alsaq, bu layihənin nəticəsi Azərbaycanın maraqlarına uyğun olacağını demək olarmı?

-TANAP layihəsinin həyata kecirilməsi üçün artıq ortada heç bir maneçilik yoxdur. Belə ki, Türkiyə bu sazişi təsdiqlədi. Azərbaycan tərəfi isə bunu qəbul etdi. Gürcüstanda yeni hökümət dəyişikliyi nə Azərbaycan, nə də TANAP layihəsinin həyata keçməsi üçün heç bir maneçilik yarada bilməz. Çünki Gürcüstan tranzit ölkəsi kimi, Azərbaycanla hökümətlərarası sazişi hələ 2002-ci ildə təsdiqləyib və üzərinə beynəlxalq öhdəlik götürüb. Gürcüstan dövləti 30 illik üzərinə düşən öhdəliyi yerinə yetirməyi məmnuniyyətlə razılaşır. Çünki Gürcüstan TANAP layihəsi çərçivəsində böyük mənfəət əldə edəcək. Türkiyə üzərindən bu magistral qaz kəmərinin çəkilməsi və bununla da, Azərbaycan qazının Avropaya çıxarılması üçün heç bir problem olmayacaq. Sadəcə olaraq, mövcud boru kəmərləri genişləndiriləcək. Bu da Gürcüstan höküməti üçün dividend gərirəcək. Gürcüstana axan qazın həcmi artacaq. Bu artım nəticəsində 5% həcmində Gürcüstan tərəfi pulsuz qaz alacaq. Gürcüstana bu layihə çərçivəsində təqribən 250 milyon kubmetr pulsuz qaz verilir.

- Deməli, dövlətlərarası maraqlar üst-üstə düşür?

- Bəli, bu layihə çərçivəsində Azərbaycanın, Türkiyənin və Gürcüstanın maraqları üst-üstə düşür. Buna görə də ölkələrin 3-də bu layihənin həyata kecirilməsində səylərini birləşdirirlər. Gürcüstan tranzit ölkə kimi bu layihədən yararlanır. Azərbaycan isə bu layihə ilə öz qazını dünya bazarına çıxarmağa nail olur.

- TANAP layihəsinin 5 il ərzində reallaşması nəzərdə tutulur. Bu zaman çərçivəsində Gürcüstanda tez-tez baş verən hakimiyyət dəyişiklikləri növbəti mərhələlərdə də baş verə bilər. Bu halda, bu layihənin aqibəti necə ola bilər?

- Gürcüstanda hökümətin dəyişməsindən asılı olmayaraq, bu layihə davam edəcəkdir. Çünki bu ölkənin iqtisadiyyatı istənilən halda Azərbaycandan asılıdır. Dövlətimizin Gürcüstanda qoyduğu investisyalar həcminə görə birinci yeri tutur. Gürcüstan dövləti bu qaz kəmərinə görə xeyli mənfəət əldə edir. Demək olar ki, Azərbaycan Gürcüstana pulsuz qaz verir. Bundan isə heç bir dövlət imtina etməz. Əldə edilən mənfəət diktə edir ki, bu layihə tez bir zamanda gerçəkləşsin. Bir çox ölkələr Rusiya qazından asılıdırlar. Bu layihənin həyata keçirilməsi həmin ölkələrin çoxşaxələndirilməsində böyük rol oynaya biləcək. Qaz təchizatına görə Rusiya dövlətindən asılı olan dövlətlərin 30-50 %-dək asılılığını azalacaqdır. Bu isə Avropa Birliyinin qəbul etdiyi enerji təhlükəsizliyi siyasətini həyata keçirməsi deməkdir. Azərbaycan birbaşa Avropa enerji təhlükəsizliyinin siyasətinin həyata keçirilməsinə öz töhfəsini vermiş olacaq.

- Kəmərin keçəcəyi ərazilərdə ekolji vəziyyətin çirklənməsinə dair bəzi Gürcüstanın QHT-ləri və ayrı-ayrı qrupları etiraz bəyanatları səsləndirirlər. Bu məsələ necə və hansı formada həllini tapa bilər?

- Gürcüstandakı QHT-lərin hay-küy qaldırmasına bircə ad vermək olar: ya onların bu məsələdən ümümiyyətlə xəbərləri yoxdur, ya da ki, həmin QHT-lər sırf siyasi sifariş yerinə yetirirlər. Çünki bu qaz kəməri maye daşıyan boru kəməri deyil. Qeyd edim ki, bu boru kəmərində qəza olarsa, maye olmadığı üçün ətrafa yayılmaz və ekologiyaya ciddi ziyan dəyməz. Bu yaxınlarda Türkiyədə qaz kəmərində partlayış baş vermişdir. Həmin boru 4 gün ərzində bərpa olunmuşdu. Belə partlayışlar dünyanın hər yerində baş verir. Bu zaman isə ekologiyaya öldürücü zərər dəymir. Baş verən belə partlayışlar gözlənilən risklərdir. Bir sözlə, Gürcüstandakı QHT-lərin belə hay-küy qaldırmalarına yalnız və yalnız bir səbəbi var ki, o da, siyasi xarakter daşıyır.

Ruqiyyə Cəfərova

Bütün xəbərlər Facebook səhifəmizdə