"Çovdar" qızıl yatağının ilk külçələri

"Çovdar" qızıl yatağının ilk külçələri

Daşkəsən rayonunda yerləşən "Çovdar" yatağından çıxarılan qızıl filizindən ilk külçələr istehsal olunub. Bunu Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin (AIMROC) Strateji Planlaşdırma və İnkişaf üzrə direktoru Mustafa Məmmədov deyib.

Onun sözlərinə görə, artıq iki aydır "Çövdar" yatağından çıxarılan filizi emal edən zavod işə düşüb: "Zavodun rəsmi açılışı olmasa da, istehsala başlanılıb. Zavod iki ay öncə işə düşüb və onun bir neçə ay test rejimində işləməsi tələb olunur. Artıq zavodda qızıl külçələrin istehalına başlanılıb".

Məmmədovun sözlərinə görə, zavod ən müasir texnologiyalarla - topaaşındırma filizlərin emalı texnologiyası ilə tikilib. Zavod günə 3000 ton filiz emal edə bilər: "Bütün yatağın ömrü boyu, 8-10 il ərzində təxminən 30 tona yaxın qızıl istehsal olunacaq".

Şirkətin nümayəndəsi əlavə edib ki, müqavilələrə uyğun olaraq Naxçıvanda, Balakən və Tovuz rayonlarında yerləşən digər yataqlarda geoloji kəşfiyyat, ilkin geoloji sınaq işləri aparılır: "Elə yataqlar var ki, artıq texniki-iqtisadi əsaslandırma işləri gedir. Konkret olaraq "Filizçay", "Köhnəmədən", "Göydağ" yataqlarında bu işi görürük".

Qeyd edək ki, bu gün Bakıda açılmış 3-cü Beynəlxalq "Xəzər: Ətraf mühit üçün texnologiyalar" ("CTE-2012") sərgisində "Çovdar" yatağının qızılından istehsal edilmiş külçənin bir hissəciyi nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə