"Boşluqlar və görüləsi işlər hələ çoxdur"

Bəzən 1 milyon manatdan çox iş həcmi olan özəl müəssisə və təşkilatlarda əmək haqqı fondu 1%-dən belə aşağıdır
"Boşluqlar və görüləsi işlər hələ çoxdur"

"Fondun bu il üçün 2 milyard 632 milyon 695 min manatlıq büdcəsini 2006-cı ilin rəqəmləri ilə tutuşdurduqda artımın beş dəfədən çox olduğu bizi sevindirdi". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcə layihəsinin müzakirəsi zamanı Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi bu ildə bu məbləğin əksəriyyətinin, yəni 97,6%-nin bilavasitə insanların pensiya təminatına yönəldiləcəyi aydın oldu: "Ödəmələrin təsnifatına diqqət yetirdikdə bunlardan 64,5%-nın yaşa, 27% əlilliyə 135,2 min nəfərinin isə ailə başçısını itirməyə görə pensiya alacağı göründü".

"Son illər bu sıralanmada yaşa görə pensiyaya çıxanların artım tendensiyası özünü bariz şəkildə göstərir. Son bir neçə ayda əmək münasibətlərinin rəsmiləşməsi, sosial sığortaya cəlb olunmanın təmin edilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Əmək müfəttişliyi tərəfindən böyük işlər görülüb və nəticədə sosial sığorta ödənişlərinə cəlb olunanların sayı 300 minə qədər artıb. Bütün bunlarla yanaşı, təhlil və icra rəqəmləri göstərir ki, bu sahədə boşluqlar və görüləsi işlər hələ çoxdur", -deyə o çıxışına əlavə edib.

Komitə sədri bu problemlərlə bağlı statistik rəqəmləri də açıqlayıb: "Ölkədə 5 milyon 913 min əmək qabiliyyətli əhali var. Bunların məşğul hissəsi, işləyəni 4 milyon 400 min nəfərdir, muzdla çalışanların sayı 1 milyon 421 min 500 nəfər, ölkə üzrə işsizlik faizi isə təxminən 6% daxilindədir. Aydınlıq üçün çox sadə bir vizual uyğunsuzluğu diqqətinizə cəlb etmək istəyirəm. Bəzən 1 milyon manatdan çox iş həcmi olan özəl müəssisə və təşkilatlarda əmək haqqı fondu 1%-dən belə aşağıdır. Bu bir daha onu göstərir ki, hələ də, müqaviləsiz və ikili mühasibatlıq vasitəsilə işləyən müəssisələrin sayı heç də istədiyimiz qədər azalmayıb. Düşünürəm ki, dünya təcrübəsinə uyğun olaraq istehsalat və xidmət sahələri üzrə iş həcminin müəyyən faizini əmək haqqı fondu kimi müəyyənləşdirən normativ hüquqi sənədlərin qəbul olunmasına böyük ehtiyac var. Belə dəqiq uçot aparılsa, fondun yığım əmsalının xeyli yüksəlməsinə və nəticədə pensiya ödəmələrinin artmasına nail olarıq".

Komitə sədri onu da vurğulayıb ki, Fondun büdcəsi əslində bugünkü reallıqları özündə əks etdirən ölçülü-biçili sənədlərdən biridir: "Hesab edirəm ki, məndən sonra çıxış edəcək Səlim Müslümovun təqdimatında həmişə olduğu kimi yenə də rəqəmlər komporativ və əyani təhlil şəklində ortaya qoyulacaq, bir sıra məsələlərə aydınlıq gətiriləcək və bu gün qaldırdığımız bəzi məsələlər sonrakı düzəlişlərdə öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə