Samir Şərifov Zeynəb Xanlarovanın cavabını verdi

2013-cü ilin dövlət büdcəsində həkimlərin, müəllimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur
Samir Şərifov Zeynəb Xanlarovanın cavabını verdi

Bu gün Milli Məclisdə (MM) 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirələri davam edir. SİA-nın məlumatına görə, maliyyə naziri Samir Şərifov çıxışında Zeynəb Xanlarovanın sualını cavablandırıb. O bildirib ki, 2013-cü ilin dövlət büdcəsində həkimlərin, müəllimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, 2004-cü ildən minimum aylıq əməkhaqlarının baza hissəsinin 10 dəfədən çox artımı baş verib: "Həkim və müəllimlərin əməkhaqları 11 dəfə artırılıb. Gələn il də bu ənənə davam etdiriləcək və maaşlar qaldırılacaq".

Nazir vurğulayıb ki, sosial müdafiə bununla bitmir: "Azərbaycanda möhtəşəm sosial layihələr həyata keçirilir, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır, iş şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür".

"Növbəti illərdə dünyadakı vəziyyət izləniləcək və dövlət büdcəsinə neftin qiymətinə dair dəyişikliklər edilə bilər. Lakin bizim hesablamalarımızla, dövlət büdcəsinin gəlirlər hissəsinə dəyişikliklər gözlənilmir", - deyə Şərifov çıxışına əlavə edib.

Nazir onu da qeyd edib ki, son illər dövlət büdcəsi daha çox investisiya yönümlü büdcə olub: "Artıq 2013-cü il büdcəsində əsaslı xərclər 45,8 faiz təşkil edir. Bununla belə, sosial xərclərdə heç bir azalma baş verməyib, əksinə artım görünür. Uşaq baxçalarında ərzaq xərcləri də artırılıb".

"Tək Bakı şəhərində deyil, ölkənin bölgələrində də bu xərclər artırılacaq. Bununla yanaşı, ayrılan vəsaitin istifadəsinə nəzarət gücləndirilməlidir", - maliyyə naziri deyib.

Şərifov ölkədə şagird-müəllim nisbətinə də toxunub və bildirib ki, Azərbaycanda 8 şagirdə 1 müəllim, Avropa ölkələrində isə 15 şagirdə 1 müəllim düşür.

"Bu səbəbdən müəllim sayının azaldılması vacibdir. Bu problem səhiyyə sahəsində də mövcuddur. Buna görə də struktur islahatları aparmalıyıq ki, vəsaitlər daha səmərəli istifadə olunsun", - nazir əlavə edib.

Onun sözlərinə görə, dövlət büdcəsində ali təhsil xərclərinin artması nəzərdə tutulub, çünki Nazirlər Kabineti dövlət sifarişi ilə təhsil alan tələbələrin adambaşına maliyyələşmə xərclərinin artırılması ilə bağlı qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə