Bu gündən etibarən Azərbaycanda ilk dəfə olaraq "Yaşıl həftə" layihəsinə start verilir. SİA-nın məlumatına görə, layihə çərçivəsində müxtəlif beynəlxalq tədbirlərin, forumların görüşləri keçiriləcək.
Bu gün isə layihə çərçivəsində Bakıda İDEA və UNEP-in birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan UNEP Regional koordinatoru Bondvozen Asnake Kibret (Wondwosen Asnake Kibret) bildirib ki, yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, "Rio+20" sammitinin yekunu və gənclər təşkilatları arasında daimi əməkdaşlıq haqqında söz açılacaq.
O cümlədən, 20-dən çox beynəlxalq iştirakçı TUNZA şəbəkəsi vasitəsilə foruma qatılıb. IDEA Kampaniyasının həyata keçirdiyi beynəlxalq layihələrdən biri olan "Yaşıl həftə" 12-16 noyabr tarixlərində UNEP-lə (BMT-nin Ətraf Mühit üzrə Proqramı) əməkdaşlıq çərçivəsində baş tutacaq. 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA Kampaniyası (Ətraf Mütitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır. IDEA Kampaniyasının həyata keçirdiyi böyükmiqyaslı layihələr bir sıra beynəlxalq təşkilatların marağına səbəb olur. Bunun nəticəsində IDEA Kampaniyası beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq birgə layihələrə start verir.
Tədbirdə yerli qonaqlarla yanaşı, xarici ölkələrdən dəvət olunmuş bir sıra beynəlxalq təşkilatların, habelə dövlət və QHT nümayəndələrinin, gənc liderlərin iştirakı nəzərdə tutulub. Beynəlxalq Gənclər Forumu gənclərin "Rio+20" sammitinin qərarlarının icrasına töhfə verəcək bəyanatın qəbul olunması və bu bəyanatın BMT Baş Assambleyasının 67-ci sessiyasının nəzərinə çatdırılması ilə yekunlaşacaq.
Beynəlxalq Gənclər Forumunda çıxş edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib ki, bu gün dünya yeni biohəyacan təbili çalır: "Yer kürəsində bioloji resurslar tükənmək üzrədir. Bu gün bəzi ölkələrdə düzgün aparılmayan siyasət nəticəsində planetimizin resursları insanları təmin edə bilmir. Bunun nəticəsində də insanlar gələcək nəsillərin payından istifadə etmiş və yemiş olurlar".
O bildirib ki, dövlətlər nə qədər müxtəlif layihələr həyata keçirsələr də, bu gün hər kəsi narahat edən ən ciddi məsələ insanların ətraf mühitə baxışlarının dəyişməsi ilə bağlıdır. Nazirin sözlərinə görə, böyük investisiya yatırmadan insanların təfəkkürünü dəyişməklə ekoloji problemləri həll etmək olar. Bu məsələdə də gənclərin rolunun böyük olduğunu deyən H.Bağırov qeyd edib ki, mövcud sahədə o zaman uğur əldə etmək olar ki, nəhəng qüvvələr bioloji resurslardan düzgün istifadə üçün səy göstərsinlər.
Tədbir hazırda davam edir.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB