Bu gün Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri, ölkənin bir çox bölgələrinin məktəb şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Proqram Azərbaycan Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrının ifasında Azərbaycan Respublikasının Himninin səslənməsilə başlayıb. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 il bundan əvvəl Dövlət Bayraq Meydanının açılışında iştirak edib, Azərbaycanın üçrəngli bayrağını dalğalandırıb. Məhz bu, dövlət başçısının bayrağa olan hörmətinin və sevgisinin göstəricisidir. Hər bir Azərbaycan vətəndaşını, ürəyi Azərbaycanla döyünən hər bir insanı bu möhtəşəm gün münasibətilə təbrik edirəm".
Daha sonra konsert proqramı davam edib. Rəqs qrupları müxtəlif rəqs nömrələrilə çıxış edib. Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, artıq 2 ildir məktəblilər arasında Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm müsabiqəsi elan olunub. Ötən il müsabiqədə 100 məktəbli, bu il isə müsabiqədə 460 məktəbli iştirak edib. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə birgə təşkil etdiyi bu ilki müsabiqə "Bayrağımız-qürur mənbəyimizdir!" adı altında keçirilib. Müsabiqəyə təqdim olunmuş 460 rəsm əsərindən 100-ü seçilib və 12 rəsm əsəri qalib elan olnub. Qalib elan olunmuş rəsm əsərləri 2013-cü ilin təqvimində cəmləşəcək.
Sonda tədbir iştirakçıları Dövlət Bayrağının Təbliği Müzeyini ziyarət ediblər.
Məlumat üçün bildirək ki, bu gün axşam saat 20:00-da Dövlət Bayrağı Meydanı ərazisində möhtəşəm konsert proqramı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB