Bu gün Milli Məclisin Elm və Təhsil, Hüquq siyasəti və Dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin "AR-nın 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə dair iclası keçirilib.
SİA-nın məlumatına görə, MM-in Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev çıxışında bildirib ki, büdcə layihəsinin əsaslandırılması səviyyəsi qənaət bəxş hesab edilə bilər: "Son bir neçə il ərzində azərbaycanda qərarlaşmış, səriştəli büdcə innstitutu artıq formalaşıb. Büdcə quruculuğu ilə məşğul olan peşəkar mütəxəsislərimiz var. Bu gün müzakirəyə çıxarılan büdcə layihəsi mövcud potensial imkanları və qarşıya qoyulan vəzifələr baxımından tamamilə optimallıq səviyyəsindədir".
"Sevindirici haldır ki, büdcəmiz son illərdəki pozitiv meylləri özündə əks etdirir. Son 9 il ərzində respublikada ciddi dəyişiklər baş verib. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlaya bilib. İqtisadi inkişaf tempinə görə, dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurub. Orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirib. Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Təxmini olaraq bu göstəici 49 %-dən 5,1 %-ə qədər düşüb. Azərbaycanda tarazlı inkişaf meylləri qabarıq şəkildə nəzərə çarpır", -deyə o əlavə edib.
İclasda maliyyə naziri Samir Şərifov dövlət və icmal büdcələrinin layihəsi, həmçinin büdcə zərfinə daxil olan sənədlər barədə ətraflı məlumat verib. Nazir bildirib ki, 2013-cü ilin büdcə layihəsinin tərtibi prosesində büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların təqdim etdikləri xərc sifarişlərinin ölkənin strateji inkişaf prioritetlərinə uyğunluğu öyrənilib. Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu vəzifələrin icrası üçün sabit maliyyə təminatı nəzərdə tutulub.
Samir Şərifov onu da əlavə edib ki, gələn ilin dövlət büdcəsinin xərcləri Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaq: "2013-cü ilin dövlət büdcəsinin xərcləri ÜDM-in 35,3 faizi həcmində nəzərdə tutulur ki, bu da 19 milyard 810 milyon manat deməkdir. Həmin rəqəm cari ilə nisbətən 12,1 faiz, yaxud 2 milyard 138 milyon manat çoxdur".
Nazir qeyd edib ki, gələn ilin dövlət büdcəsi xərclərinin 10 milyard 516 milyon manatı və ya 53,1 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə ayrılacaq: "Sosialyönümlü xərclərin 2013-cü il büdcəsindəki xüsusi çəkisi isə 25,4 faiz, yəni 5 milyard 37 milyon manat olacaq".
Müzakirələrin yekununda "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi komitələrin yekdil qərarı ilə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, bugünki iclasda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Ombudsman Elmira Süleymanova, Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və bir sıra millət vəkilləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB