Yastıq altı, yoxsa banklar? ARAŞDIRMA

Yastıq altı, yoxsa banklar? ARAŞDIRMA

Bir çoxlarımız əldə etdiyimiz gəlirləri banklarda deyil, məhz öz evimizdə, necə deyərlər "yastıq altında" saxlayırıq. Lakin bir sıra dünya ölkələrində vətəndaşlar gəlirlərini banklarda saxlamağa üstünlük verirlər. Bəs Azərbaycanda nə üçün belə bir adət-ənənə yoxdur?

İqtisadçı ekspert Vüqar Bayramlı banklara inamın aşağı düşməsinin xüsusilə 1990-cı ilin ortalarında kommersiya banklarının müflis olması və əhalinin əksəriyyərtinin əmanətlərinin o banklarda batması ilə əlaqədar olduğunu bildirib. Onun sözlərinə görə, məhz bundan sonra əhali öz vəsaitlərini banklarda deyil öz evində saxlamağa üstünlük verib: "Hər hansı bir bankın müflis olması digər banklara qarşı olan inamın da azalmasına səbəb olur. Banklara etibarlılığın artırılması ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Agentliyi müəyyən addımlar atıb. Belə ki, 30 min manata qədər olan əmanətlər banklarda sığortalanır və bu da o deməkdir ki, bank müflis olduğu zaman da vətəndaşın əmanət kimi qoyduğu 30 min manatı geri qaytara biləcək. Mərkəzi və Şərqi Asiya ölkələrində bu məbləğ 100 min avroya qədər arta bilir. Yəni bu banklar müflisləşdiyi zaman vətandaşın kommersiya bankına qoyduğu 100 min avronu geri qaytarmaq gücündədir. Bizdə də bu məbləğin artırılmasına ehtiyac var. Əgər bu məbləğ artarsa onda insanların da banka olan etibarı artar".

Ekspert onu da qeyd etdi ki, vətəndaşlar yalnız inamla bağlı deyil, başqa səbəblərlə də bağlı öz əmanətlərini banklara həvalə etmirlər. Belə ki, əhalinin müəyyən qisminin banklarla işləmək təcrübəsi yoxdur və buna görə də əmanətlərini banka qoymağa risk etmirlər: "Həmçinin vəsait evdə saxlansa vətəndaş bundan istədiyi vaxt istifadə edə bilir. Lakin vəsaiti banka qoymaq və istənilən zaman onu götürmək müəyyən zaman tələb edir. Başqa bir səbəb isə əgər banka qoyulan pul vaxtından əvvəl götürülsə bu zaman vətəndaş müəyyən cərimələr ödəyir".

Vüqar Bayramlı bildirdi ki, bütün hallarda əmanətlərin banklarda saxlanılması daha məqsədə uyğundur: "Banklar illik orta hesabla qoyulan əmanətlərin həcminə uyğun olaraq 10-80% arası dividend ödəyirlər. Bundan başqa, pul evdən oğurlanarsa onun bərpa olunması çətin prosesdir. Lakin 30 min manat həcmində banklara qoyulan əmanətlər itərsə onlar bank tərəfindən sığortalandığı üçün geri qaytarılır".

Ekspert deyib ki, indiki halda bütün insanların bank sektoruna inandığını demək doğru olmaz. Azərbaycanda əhalinin bank sisteminə inamının artmasında müəyyən irəliləyişlər müşahidə edilir. Mərkəzi bankın rəqəmlərinə diqqət yetirsək, əmanətlərin banklara qoyulmasında hər il ötən ildəkinə nisbətən 15% -ə yaxın artım var.

Hərhalda bu gün ölkəmizdə bir çox sahələrdə inkişaf olduğu kimi, bank sistemində də inkişaf var. Pulunuzu "yastığınızın altına" və ya banklara əmənət etməyiniz isə öz seçiminizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə