Qaz həcmi sutkada 21-22 milyon kubmetr təşkil edir

Qaz həcmi sutkada 21-22 milyon kubmetr təşkil edir

Cənubi Qafqaz qaz kəmərinin Türkiyə hissəsində baş verən partlayışla əlaqədar Azərbaycan qazının bu ölkəyə ixracının dayandırılması "Şahdəniz" yatağında qaz hasilatının həcminə təsir etməyib. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev açıqlamasında deyib.

Abdullayev deyib ki, "Şahdəniz"də hasil edilən və Türkiyəyə tədarük edilməyən qaz həcmi Azərbaycanın yeraltı qaz anbarlarına vurulur: "Hazırda ARDNŞ-nin adıçəkilən yataqdan əldə etdiyi qaz həcmi sutkada 21-22 milyon kubmetr təşkil edir. Azərbaycanın yeraltı qaz anbarlarındakı qaz həcmi isə 3 milyard kubmetri ötür. İlin yekunlarına əsasən, qaz həcmləri ötən ilin göstəricilərini üstələyəcək".

Türkiyədən keçən qaz kəmərinin təhlükəsizliyi məsələsinə toxunan Abdullayev onu da qeyd edib ki, öhdəliklərə uyğun olaraq həmin sahədə təhlükəsizliyi Türkiyə tərəfi təmin etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə