ARDNŞ: Bakı Neft Emalı Zavodunda heç bir qəza olmayıb

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda qəza baş verməsi barədə məlumatları təkzib edib. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb.

Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib hissəsidir.

Bu gün də 55 saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı belə bir gurultu qeydə alınıb. Buna baxmayaraq, ətraf mühitə və insanlara heç bir ziyan dəyməyib, yanğın baş verməyib. Qurğuda təmir işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə