Bu gün Ümumdünya Turizm Gününə həsr olunan Ümumrespublika daxili turizm konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mehmanxana və turizm fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) yeni yaradılan elektron xidmət sisteminin, Şahdağ qış-yay turizm kompleksi, həmçinin Azərbaycan haqqında təəssüratların öyrənilməsi üzrə "İTB Berlin-2012" beynəlxalq turizm sərgisində keçirilən sorğunun nəticələrinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk əvvəl turizmçiləri Ümumdünya Turizm Günü münasibətilə təbrik edib. Nazir turizm sahəsində əldə olunan uğurlar və nailiyyətlər, eyni zamanda neqativ hallardan danışıb. Ə.Qarayev Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin inkişafına ehtiyac olduğunu vurğulayıb. Nazir bildirib ki, ilk dəfə olaraq Tvinninq layihəsi Azərbaycana turizm sahəsində qrant ayıracaq: "Artıq bununla bağlı danışıqlar olub və razılıq əldə olunub. Bu qrant yaxın müddət üçün ayrılmalıdır".
Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, 2001-ci ilin sentyabrında BMÜTT-nin Baş Assambleyasının XIV sessiyasında Azərbaycan bu təşkilatın tamhüquqlu üzvlüyünə qəbul edilib. Şöbə müdiri bildirib ki, Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədi ilə müvafiq layihələr həyata keçirilir.
Konfransda Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov, Quba rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elxan Məhərrəmov və başqaları çıxış ediblər.
Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Bakı Turizm İnformasiya Mərkəzinin hazırladığı "III Milli Turizm" mükafatı sahiblərinə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB