Respublikamızda ət və süd problemi yoxdur

Çingiz Fərəcov: “Heyvanların süni mayalanması çox ləng gedir”
Respublikamızda ət və süd problemi yoxdur

Oğuz, Ağstafa, Astara, Lənkəran, Şamaxı, Qobustan, Quba, Ağsu və digər rayonlarda heyvanların süni mayalanmasına diqqət yetirilmir. Bu işə adı çəkilən rayonlarda demək olar ki, baxan yoxdur. SİA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri Çingiz Fərəcov bildirib. Onun sözlərinə görə, halbuki heyvanların süni mayalanması Ərzaq Təhlükəsizliyinə dair Dövlət Proqamında qeyd olunub:

"Yoxsulluğun azadılması və dayanıqlı inkişafına dair xüsusi maddə var. Yerli icra hakimiyyətləri heyvanların süni mayalanması ilə məşğul olmalıdırlar. Dünyanın bütün ölkələrində (Fransa, İngiltərə, Kanada, ABŞ, Niderlandda və s.) heyvandarlıqda süni mayalanma geniş təbliğ olunur. Ukraynada inəklərin 98 faizi süni yolla mayalanma geniş tətbiq olunur."

Şöbə müdiri dedi ki, hətta bununla əlaqədar Sabirabad rayonunda süni mayalanma texniklərinin respublika seminar-müşavirəsi keçirilib: "Bu müşavirə çox möhtəşəm bir şəkildə keçirildi. Qərara alındı ki, yaxın gələcəkdə inək və camış naxırının 80 faizi süni yolla mayalandırılsın. Bəs gəlin görək, süni mayalanmanın əhəmiyyəti nədir? İnək və camış düyələri ən yüksək məhsuldar "Turaci" cinslərlə süni yolla mayalandırılır və onlardan alınan balalar yemləndirilərək, böyüdülür və onlardan südvermə zamanı çox yüksək məhsuldarlıq əldə etmək mümkün olur. Məsələn, "Şəki Aqro İndastris" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC), 311 nömrəli Şahdağ adlı inək 1 ildə orta hesabla 13 600 kq süd verir. Adı çəkilən bu inək süni mayalanma yolu ilə alınıb. Salyan rayonunun "Hacı Camalxan" adlı kəndli fermer təsərrüfatında "Araz" adlı 40-41 nömrəli inək 2009-ci ildə 11 min litr süd verib. Amma bizdə adi inəklər ildə orta hesabla 1250 litr süd verir. Fərq açıq-aşkar ortadadır. Respublikamızda bu iş çox ləng gedir".

Çingiz Fərəcov onu da əlavə etdi ki, Azərbaycanda heyvandarlıq ildən-ilə sabit templə inkişaf edir: "Bizim respublikamızda ət, süd problemi yoxdur. Kim ilin hansı fəsli olursa-olsun istədiyi qədər ət və süd ala bilər. Heyvandarlığı inkişaf etdirmək üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət və qayğı artırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə