1200 mənzillik yeni şəhərcik

Bakı şəhərinin Bibiheybət qəsəbəsində, dəniz kənarında neftçilər üçün yeni yaşayış massivi salınacaq. SİA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi artıq yeni yaşayış kompleksinin layihəsini təsdiqləyib: "Dövlət başçısı artıq bu layihəni bəyənib və biz Bibiheybətdə dəniz kənarında 1200 mənzillik yeni şəhərcik salmağı planlaşdırırıq. Burada dənizə gözəl mənzərə, məktəb, bağça və idman qurğuları nəzərdə tutulub".

R.Abdullayevin sözlərinə görə, ARDNŞ-də ev növbəsində dayananlar üçün kooperativ proqramlar həyata keçirilir: "Artıq biz işçilərimizə hər rübdə bir bina təhvil vermək niyyətindəyik".

Bununla yanaşı ARDNŞ rəhbəri bildirib ki, bundan sonra şirkət işçiləri üçün ayrı-ayrı binalar deyil, daha böyük layihələr – bütöv massivlər tikmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə