Azərbaycanla İndoneziyanı nə birləşdirir?

Azərbaycanla İndoneziyanı nə birləşdirir?

Azərbaycan İndoneziya ilə alternativ enerji sahəsində əməkdaşlıq edəcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında sənaye və energetika naziri Natiq Əliyev İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə aparılan müzakirələri şərh edərkən deyib. O bildirib ki, İndoneziya Azərbaycan ilə neft sahəsində əməkdaşlıq etməyə maraqlıdır. Nazirin sözlərinə görə, bu ölkə neft istehsal edən dövlətdir. "İndoneziya təqribən Azərbaycan kimi ildə 45 milyon ton neft çıxarır. Bu, bizim ölkə üçün çox böyük rəqəmdir, amma İndoneziya üçün çox kiçikdir. Çünki Azərbaycan 9 milyon əhalisi olduğu halda İndoneziyada əhalinin sayı 200 milyondan çoxdur".

N.Əliyev iki ölkənin alternativ enerji sahəsində də əməkdaşlıq edəcəyini deyib. Onun sözlərinə görə, bu gün İndoneziyada 17 mindən çox ada var və onların hər biri alternativ enerjini əldə etmək üçün lazımi şəraitlə təmin edilib. Ona görə də, alternativ enerji istehsalı sahəsində İndoneziya ilə əməkdaşlıq ediləcək.

"Biz qərara gəldik ki, iki ölkə nazirlikləri arasında əlaqələr yaradılsın. Eyni zamanda İndoneziyanın Dövlət Neft Şirkətinin elm və mütəxəssis qrupu Azərbaycana gəlsin, burada köhnə neft yataqlarında istehsalın identifikasiyası və digər metodlarını öyrənsinlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə