Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verib, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb.
Əməkdaşlığın əsas istiqamətlərindən olan iqtisadi-ticarət əlaqələri genişlənib, iki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki ilə müqayisədə 72,5 faiz, bu ilin yanvar-iyul ayları ərzində isə 25 faiz artıb. İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev digər sahələrdə də əlaqələrin inkişaf etdiyini qeyd edib, mövcud potensialdan istifadə etməklə iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək üçün real imkanların olduğunu diqqətə çatdırıb. Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ölkəsində Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu, Koreya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşün sonunda "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sənədi iqtisadi inkişaf naziri Şahin Mustafayev və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha imzalayıblar. Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı və balıqçılıq, enerji və dağ-mədən sənayesi, informasiya və kommunikasiya texnologiyaları, elm və texnologiya, turizm, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında Hökumətlərarası Komissiyanın yaradılması və s. məsələlər nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB