"TANAP - Azərbaycan iqtisadiyyatı üçün vacib layihədir" MÜSAHİBƏ
Türkiyə və Azərbaycan arasında Trans Anadolu Qaz Boru Kəməri barədə tarixi sazişin imzalanmasından bir aya yaxın vaxt keçir. Layihə və bu layihənin Azərbaycan iqtisadiyyatına gətirəcəyi uğurlarla bağlı millət vəkili Vahid Əhmədov SİA-ya verdiyi müsahibəsində aydınlıq gətirilib:
- Vahid müəllim, TANAP layihəsi Azərbaycanın iqtisadiyyatına hansı perspektivləri vəd edir?
- Bu layihə çox əhəmiyyətli layihədir. Belə bir müqavilənin imzalanması Azərbaycanın iqtisadiyyatına uğurlu nəticələr verəcək. Bu layihə Türkiyəni qardaş dövlət tərəfində enerji ilə təmin olunmasına, Ankaranın Şərq-Qərb enerji dəhlizində güclü söz sahibinə çevrilməsinə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mövqeyinin güclənməsinə xidmət edəcək. Məlum ollduğu kimi, beş il müddətinə başa çatması nəzərdə tutulan TANAP-ın tikintisinin layihə dəyəri 7 milyard dollardır. Bu layihənin həyata keçirilməsi Azərbaycanın hardasa 16 milyard kubmetr qaz Avropaya çıxarılmasına imkan yaradacaq. Qeyd edim ki, Azərbaycan və Türkiyənin həyata keçirdikləri layihələrin təməlində iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dayanır. Çünki Azərbaycanı istər beynəlxalq arenada, istərsə də siyasi təşkilatlarda müdafiə edən Türkiyə dövlətidir. Bu baxımdan da, TANAP-ın həyata keçirilməsi Azərbaycanın iqtisadiyyatının yüksəlməsinə müsbət təsir edən əsas amillərdən biri olacaq. 4 mərhələdən ibarət olan layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında imzalanan TANAP layihəsi Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan transmilli qaz ixracı layihəsidir.
- Bu layihənin Azərbaycanın enerji təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, qaz problemi bütün dünyada mövcuddur. Belə ki, dünya qazının 40 faizini İran, Qətər və Rusiya verir. Bu üç dövlət konsersum yaradıb və ümumi razılıqları var ki, müəyyən layihələrdə dövləti qazla təmin edəcəklər. Xatırlayırsınızsa, ötən il Avropada qazla təminatda, yəni Ukrayna vasitəsilə ötürülən Rusiya qazından müəyyən bağlamalar oldu, ödəmələrdə problemlər yarandı. Ona görə də alternativ layihələrdən istifadə etmək, yəni Avropa üçün çox önəmlidir. Doğrudur, Avropa NABUCCO layihəsini həyata keçirməyə çalışdı. Çox təəssüflər olsun ki, bu layihənin həyata keçirilməsi üçün 32 milyard kubmetr qaz lazım olduğu üçün bunu təmin edə bilmədilər. Ona görə də, dünyada iqtisadi böhranın dərinləşməsi adıçəkilən layihənin reallaşmasına imkan vermədi. Eyni zamanda, bu layihənin həyata keçirilməsi üçün 7-10 milyar dollara yaxın vəsait lazımdır. İnanıram ki, müəyyən müddət keçdikdən sonra bu layihə də həyata keçiriləcək. Hazırda imzalanan TANAP layihəsi Avropa üçün çox əhəmiyyətli olacaq. Çünki bu, alternativ qaz kəməridir və bu qaz kəməri vasitəsilə Rusiyada hər hansı bir problem yaranarsa, bu kəmərdən də istifadə edilə biləcək.
- Vahid müəllim, Azərbaycanın razılıq vermədiyi və iştirakçısı olmadığı hər hansı bir regional layihənin reallaşması mümkündürmü?
- Sözsüz ki, Azərbaycanın razılıq vermədiyi və iştirakçısı olmadığı hər hansı bir regional layihənin reallaşması mümkünsüzdür. Çünki Azərbaycan hökuməti bu günə kimi imzaladığı hər bir layihənin müsbət nəticəsini qabaqcadan görür və bu layihələrin ölkəmizin iqtisadiyyatına hansı formada müsbət təsir etdiyini dəqiq bilir. Yuxarıda qeyd etdiyim kimi, Türkiyə istər siyasi, istərsə də iqtisadi cəhətdən Azərbaycana ən yaxın qardaş ölkədir. Ona görə də, Türkiyə tərəfindən irəli sürülən hər hansı bir layihəyə Azərbaycanın imza atması ancaq uğurlar deməkdir. Hesab edirəm ki, TANAP layihəsi Azərbaycanla Türkiyənin, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyənin üçünün birlikdə bölgədə enerji təhlükəsizliyi, Avropanın enerji təhlükəsizliyinə dəstək sahəsində həyata keçirdikləri mühüm strateji layihə olmaqla, üç ölkənin münasibətlərinin strateji əhəmiyyətini də bir daha təsdiqləyir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB