Metroda eskalatorlar sökülür

"28 May" metrostansiyasındakı təmir işləri sentyabrın 7-nə qədər başa çatacaq. SİA-nın Bakı şəhər Metropolitenin rəsmi saytına istinadən verdiyi məlumata görə, "28 May" stansiyasının "Cəfər Cabbarlı meydanı"na çıxan əsas giriş-çıxışında iyun ayının 11-də başlamış eskalatorların sökülməsi artıq başa çatdırılıb.

İcraçı Türkiyənin "Thyssen Krupp"un rəsmi tərəfdaşı olan "MİK-EL Elektronik sənaye" şirkətidir. Qeyd edək ki, sərnişin sıxlığı nəzərə alınaraq, burada 4 cərgədən ibarət eskalatorların qoyulması nəzərdə tutulub. "İçərişəhər" stansiyasında da eskalatorların quraşdırılmasına başçılıq etmiş Mehmet Ekşi qeyd edir ki, burada da eynitipli eskalatorlar quraşdırılsa da, "28 May" stansiyasındakı avadanlıqlar bir sıra texnoloji yenilikləri və üstünlükləri ilə fərqlənəcək. Digər fərq avadanlıqların quraşdırıldığı dərinlikdir. "İçərişəhər" stansiyasında eskalatorun uzunluğu 39 metr idisə, burada 25 metr olacaq. İşlərin sürətləndirilməsi məqsədilə türkiyəli 5-nəfərlik qrupa metropolitençilər də kömək edir. Metropolitenin məlumatına görə, "Viktoriya" tipli eskalatorların quraşdırılmasına əlavə maneələrin, əsasən də səs-küyün aradan qaldırılması məqsədilə tunel işçiləri bundan sonra yalnız gecə növbəsində çalışacaqlar. Tunel qurğuları xidməti quraşdırmadan sonrakı dövrdə eskalator sahəsi işçilərinin normal fəaliyyətini təmin etmək üçün maşın zalında təmir-bərpa işlərini də icra edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə