Azərbaycanın milli rabitə peyki 2013-cü ildə orbitə buraxılacaq
\"Azərbaycanın milli rabitə peyki 2013-cü ildə orbitə buraxılacaq. Gələn il Yer səthinin müşahidəsi üçün kiçik peykin buraxılması nəzərdə tutulur. Peyklərin idarə edilməsi üzrə əsas və ehtiyat mərkəzlərin tikintisi ilə bağlı işlər avqustda başa çatacaq\". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cari ilin avqust ayında Naxçıvanda yerüstü ehtiyat idarəetmə stansiyasının tikintisi və quraşdırılması üzrə işlər tam başa çatdırılacaq: \"Peykin əsas yerüstü idarəetmə sistemi isə bu ilin oktyabrında təhvil veriləcək. Noyabr ayında Azərbaycan peykini istehsal edən Fransanın \"Arial\" şirkəti tərəfindən qurğu hazır vəziyyətdə kosmodroma gətiriləcək. Şirkət də rəsmi olaraq öhdəliklərini təsdiqləyib. Bu öhdəliklərə əsasən, gələn il 23 yanvar- 23 fevral tarixləri arasında rəsmi olaraq Azərbaycanın peyki orbitə çıxarılacaq\", -deyə Əli Abbasov deyib.
Qeyd edək ki, ilk Azərbaycan Geostasionar Kosmik Telekommunikasiya peykinin 2012-ci ildə orbitə çıxarılması planlaşdırılırdı. Bu layihənin ümumi dəyəri təxminən 160 mln. dollardır ki, bunun 86-87 mln. dolları birbaşa peykin istehsalına, 16 mln. dolları əsas və köməkçi idarəedici sistemin yaradılmasına, 40 mln. dolları raketdaşıyıcı vasitəsilə orbitə çıxarılması üzrə işlərə, 18 mln. dolları isə sığorta xidmətlərinə yönəldiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB