Bakıda dünyanın milli standartlaşdırma orqanlarının rəhbərlərinin forumu keçiriləcək

Bakıda dünyanın milli standartlaşdırma orqanlarının rəhbərlərinin forumu keçiriləcək

18-20 iyun 2012-ci il tarixlərində Bakı şəhərində Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının rəhbər icraçı direktorlarının forumu keçiriləcək. Forum Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə baş tutacaq. Komitədən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası ilə yanaşı, Rumıniya, Xorvatiya, Belarus, Albaniya, Latviya, Litva, Qazaxıstan, Gürcüstan və s. ölkənin texniki tənzimləmə və standartlaşdırma sahəsi üzrə milli orqanların rəhbər şəxslərinin iştirakı planlaşdırılmışdır. Forumda iştirak etmək üçün Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) baş katibi Rob Stilin də ölkəmizə səfəri gözlənilir.

Tədbirin keçirilməsində məqsəd Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin beynəlxalq tələblər səviyyəsində inkişafı səviyyəsini öyrənmək, qarşılıqlı əlaqələrin təmin edilməsi üçün zəruri tədbirlər görmək və keyfiyyət infrastrukturunun yaradılması və inkişafı istiqamətində milli standartlaşdırma qurumlarının rolunu qabartmaqdır.

İSO-nun təşkilatçılığı ilə sonuncu belə forum 27-29 fevral 2012-ci il tarixlərində Cənubi Afrika Respublikasının Pretoriya şəhərində keçirilib.

Xatırlatma üçün bildirək ki, Azərbaycan Respublikası 2003-cü ildən İSO-nun tam hüquqlu üzvüdür. Bu müddət ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İSO ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Komitə təşkilatın texniki komitələrində fəal iştirak edir, İSO standartlarının ölkəmizdə harmonizasiyası və tətbiqi istiqamətində fəal iş aparır. Hazırda 50-yədək İSO standartı milli standart kimi təsdiq edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə