ARDNŞ: Ağdam rayonunun qazlaşdırılması başa çatıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi Ağdam rayonunun qazlaşdırmasını başa çatdırıb. DNŞ-dan SİA-ya verilən məlumata görə, 61 yaşayış məntəqəsi və 14 min 780 şəxsi təsərrüfatı olan rayonda qaz çəkilişi 2008-ci ildən başlanılıb, 2009-2011-ci illər ərzində daha intensiv şəkil alıb.

Bu dövrdə rayon ərazisində 10,5 milyon manat həcmində tikinti-quraşdırma işləri yerinə yetirilib. 2010-cu ildə 3 min 53 abonentin mənzili qazlaşdırılıbsa, 2011-ci ildə və bu ilin ötən dövründə bu rəqəmə daha 11 min 326 abonent də əlavə olunub. Həmçinin Ağdam Rayon Qaz İstismar Sahəsində çalışanların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə burada müasir üslublu yeni inzibati bina tikilib istifadəyə verilib. Qazlaşdırma işləri zamanı müasir standartlara cavab verən 612 kilometrlik polietilen və 408 kilometrlik metal borularla ümumi uzunluğu 1020 kilometr olan qaz xətləri çəkilib. Bununla da Ağdam rayonu üzrə qazlaşdırma işləri 100 faiz yerinə yetirilib. "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkə ərazisində qaz təchizatının yaxşılaşdırılması, əhalinin "mavi yanacaq"la keyfiyyətli təminatı məqsədi ilə aparılan işlər demәyә әsas verir ki, 2013-cü ilin sonunadək ölkә әrazisinin 95 faizi təbii qazla tam tәmin olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...