Gəncədə “Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi” mövzusunda tədbir keçirilib

Gəncədə “Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi” mövzusunda tədbir keçirilib

Bu gün Gəncədə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi" mövzusunda tədbir keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayon icra hakimiyyəti başçılarının müavinləri, bələdiyyə sədrləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev Gəncə şəhərində mənzil kommunal təsərrüfatı və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən layihələr, kommunal xidmətlərin keyfiyyətinin mövcud normaların tələblərinə uyğunluğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, belə bir tədbirin Gəncədə təşkilini müsbət qiymətləndirib.

İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların simasının günü-gündən dəyişdiyini, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldiyini vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar aparılacaq islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial müdafiə mexanizminin yaradılması istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən tədbirlər görülür, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində ardıcıl işlər aparılır. Bu sahədə əsas yeniliklərdən biri də bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqidir.

Nazir müavini Sevinc Həsənova qarşıya qoyulmuş məqsədlərə nail olunmasının səmərəli mexanizminin yaradılması məqsədilə icra və bələdiyyə qurumları ilə birlikdə genişmiqyaslı maarifləndirmə və təbliğat işlərinin aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri, habelə digər vacib məqamlar barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov, şöbənin sektor müdiri Mikayıl Zeynalov mənzil-kommunal təsərrüfatının inkişaf perspektivləri, yeni idarəetmə formalarının tətbiqinin əhəmiyyəti və üstünlükləri barədə çıxış edib, tədbir iştirakçılarının sualları cavablandırıblar.

Tədbirin sonunda iştirakçılara "Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu"na dair broşurlar paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə