Mingəçevirdə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” adlı tədbiri keçirilib

Mayın 18-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Mingəçevir şəhərində keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə Mingəçevir şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 120-dək sahibkar iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Ağdaş rayonunda "Türyançay" MMC-nin cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.

Tədbir çərçivəsində Mingəçevirin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir texnologiyaların tətbiqinə əsaslanan müxtəlif sənaye müəssisələrinin yaradılması, kiçik və orta həcmli müasir çörək zavodlarının və istixanaların tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. Bildirib ki, regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsalın genişlənməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti var.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, Aran iqtisadi rayonunda, o cümlədən Mingəçevir şəhərində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat

verib. Qeyd edib ki, Fond tərəfindən 2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 922 investisiya layihəsinin maliyyələşdirilməsinə 90,3 milyon manat, o cümlədən ölkə regionları üzrə 848 investisiya layihəsinin maliyyələşdirilməsinə 79,3 milyon manat və Bakı qəsəbələri üzrə 74 investisiya layihəsinin maliyyələşdirilməsinə 11 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 3750-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin müxtəlif sahələri əhatə edən 421 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,4 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Mingəçevir şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 7 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 120-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki,"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri ölkənin digər regionlarında da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...