Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxaracın və İnvestisiyaların təşviqi fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib.
SİA-nın xəbərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təşkil edilmiş tədbirdə Azərbaycan və Serbiya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, metal emalı, telekommunikasiya, mebel və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. Forumda çıxış edən AZPROMO-nun rəhbəri Adil Məmmədov Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatının davamlı dayanıqlı inkişafı ölkəmizə xarici investorların marağının daha da artırıb, ölkəmiz investisiya ixracatçısına çevrilib. Bildirilib ki, bu gün Azərbaycan şirkətləri ölkə daxilində fəaliyyət göstərməklə yanaşı, həm də xarici ölkələrdə reallaşdırılan layihələrdə uğurla iştirak edir.
A.Məmmədov tədbirin ADİU-da keçirilməsinin iş adamları ilə yanaşı, tələbələrin də biznes forumda iştirakının onların gələcək fəaliyyətində, ölkəmizin biznes və investisiya imkanları barədə məlumatlandırılmasında müsbət rol oynadığını vurğulayıb. ADİU-nun rektoru Şəmsəddin Hacıyev isə çıxışında gələcək iqtisadçıların özəl sektorun inkişafındakı rolundan danışıb. Serbiya Respublikasının Azərbaycandakı səfiri Zoran Vayoviç isə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq prespektivləri barədə ətraflı məlumat verib. Bildirilib ki, iş adamlarının da təmsil olunduğu nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən biznes forumlar ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsində, iş adamları arasında yeni əlaqələrin qurulmasında əhəmiyyətlidir.
Biznes forum çərçivəsində iş adamları arasında bir sıra ikitərəfli görüşlər keçirilib.