“WorldFood Azərbaycan 2012” Beynəlxalq Qida Sənaye Sərgisinə start verilib

Regionun ərzaq sektorunda ən mühüm illik hadisələrdən biri olan "WorldFood Azərbaycan 2012" 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi bu gündən etibarən paytaxt Bakı şəhərində start götürüb."İteca Caspian LLC"-dən SİA-ya verilən məlumata görə, fəaliyyət göstərdiyi illər ərzində, "WorldFood Azərbaycan" sərgisi yeni tərəfdaşların axtarışına şərait yaradan, regionda qida sənayesinin inkişaf sektorunun müəyyənləşdirilməsinə və mövcud əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Məlumat üçün bildirək ki, sərginin təşkilatçıları "İteca Caspian LLC" və "ITE Group Plc" şirkətləridir. Bu layihə üzrə işə "ITE Group Plc" şirkətinin tərəfdaşlar şəbəkəsi - EUF (Türkiyə), GIMA (Almaniya), ITE Gulf (BƏƏ) və s. cəlb olunub və onların sayəsində sözügedən sərgi çoxsaylı xarici iştirakçı və qonaqları ilə fərqlənir. "WorldFood Azərbaycan" sərgisi Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin ən iri qida sənayesi sərgilərini birləşdirən dünyaca məşhur "WorldFood" sərgi brendinin bir hissəsidir. Bu əməkdaşlıq böyük üstünlükdür və həm təşkilatçılıq təcrübəsini öyrənmək, həm də sərgini, habelə onun iştirakçılarını həmin ölkələrin bazarlarında fəal surətdə təşviq etmək üçün imkan yaradır. Sərgi yeddi ildən çoxdur ki, UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təqdir olunur. Sərginin "UFI tərəfindən təsdiq olunub" nişanı onun bütün beynəlxalq standartlara uyğun olduğunu və tədbirin yüksək səviyyədə təşkil edildiyini nümayiş etdirir. Sərgiyə təşkilati dəstək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyası tərəfindən təmin edilir.

Bu il "WorldFood Azərbaycan" sərgisi dünyada ərzaq sənayesinin qabaqcıl inkişaf və nailiyyətləri ilə tanış olmaq üçün unikal imkan yaratmaqla, 24 ölkədən 120 şirkəti cəlb edib. Sərgi ekspozisiyasının 40%-ni təşkil edən Azərbaycan şirkətləri onun fəal iştirakçılarıdırlar. Statistikaya əsasən eksponentlərin 30%-ni təşkil edən Avropa və digər xarici ölkələrin şirkətləri bu sərgiyə daha çox maraq göstərirlər. Hər il sərgi yeni-yeni iştirakçıları cəlb edir və təqdim olunan məhsullarının çeşidini daha da genişləndirir. Belə ki, bu il sərgi ekspozisiyasının 40%-ni ərzaq məhsulları, qənnadı məmulatı və qida sənayesi üçün qurudulmuş meyvələr təqdim edən Əfqanıstan, Braziliya, Misir, Səudiyyə Ərəbistanı, Serbiya və digər debütant ölkələr təşkil edirlər. Həmçinin, sərgidə kommersiya strukturları ilə yanaşı hökumət təşkilatları da iştirak edir. Məsələn, serbiya və əfqan iş adamlarının bu sərgidə iştirakı Serbiya Ticarət Palatası və Əfqanıstanda Fermer Assosiasiyasının fəal yardımı ilə təşkil edilib. Sərgidə Azərbaycanı təmsil edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) stendində ölkənin ərzaq bazarının xüsusiyyətləri və investisiya imkanları ilə tanış olmaq mümkün olacaq.

Ənənəvi olaraq, "WorldFood Azərbaycan" sərgisi bir dam altında bir neçə tematik sərgini - qida sənayesi ("WorldFood"), içkilər ("WorldDrink") və texnologiyalar ("WorldFoodTech") sərgilərini birləşdirir və ərzaq bazarının böyük hissəsini əhatə edir. Bu əsas sektorlarda ət və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə malları, inqrediyentlər, qənnadı məmulatları, içkilər, yağ və piy məhsulları, habelə çay və qəhvə təqdim olunur. Bu il Azərbaycan, Belarus və Misir istehsalçıları ilə təmsil olunan süd məhsulları sektoru isə öz rəngarəngliyi ilə fərqlənir. Ölkədə istehsalın artdığını nəzərə alaraq, bu ilki sərgidə qida sənayesinin müxtəlif sahələri üçün nəzərdə tutulmuş müasir avadanlıqların geniş çeşidi göstərilir.


Sərgidə qablaşdırma sektoru da fəal surətdə təmsil olunur. Əvvəllər "WorldFood Azərbaycan" sərgisinin bir hissəsi olmuş, indi isə regionda qablaşdırma bazarının müstəqil sənaye tədbirinə çevrilmiş Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya ("IPACK Caspian-2012") sərgisinin bu ilki mövzusu qablaşdırma ilə əlaqədardır. Ölkədə ümumi istehsalın və xüsusilə də qablaşdırma sektorunun sürətli inkişafı bu qərarın qəbul edilməsinə təkan verib və bu ilki sərgidə Azərbaycan, Rusiya, Türkiyə və Çexiyadan qablaşdırma avadanlığı istehsal edən şirkətlərin maraqlı həll variantları təqdim olunur. Sərgidə qablaşdırma maşınları və etiket üzərində təsvir çap edən avadanlıqlar, qablaşdırma materialları və hazır məhsullar, o cümlədən etiket məmulatları təqdim olunur.

Bu sərgi peşəkarlar üçün maraqlı bir hadisəyə çevriləcək və yeni brendlərin təqdim etdikləri ərzaq məhsullarının dadına baxmağa, müasir avadanlıqları sınaqdan keçirməyə, habelə faydalı əlaqələr qurmağa və sərfəli müqavilələr bağlamağa imkan yaradacaq. Sərgidə müasir avadanlıq və texnologiyaların regionlarda tətbiqini təşviq etmək üçün "WorldFood Azərbaycan" sərgisi çərçivəsində Azərbaycanın bölgələrindən olan peşəkarlar və sahibkarlar üçün info-tur təşkil edilib.


6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi


Qeyd edək ki, "WorldFood Azərbaycan" sərgisi ilə yanaşı 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("AgriHort Azərbaycan-2012") sərgisi də keçirilir. Bu sərginin iştirakçıları arasında kənd təsərrüfatı məhsullarının istehsalçıları və təchizatçıları var və onlar kənd təsərrüfatı sahəsində yeni həll variantlarını, habelə Avropa istehsalçılarının innovasiyalarını nümayiş etdirmək üçün sərgiyə gəlmişlər. "AgriHort Azərbaycan" sərgisində mal və xidmətlər sektorunu Azərbaycan, Rusiya, Serbiya, Türkiyə, Almaniya, Belçika və digər ölkələrin aparıcı istehsalçıları təmsil edirlər. Sərginin əsas bölmələri qida, qatqılar, gübrələr, eləcə də bitki və heyvanların mühafizəsi sistemləridir. Həmçinin, sərgidə kənd təsərrüfatı üçün avadanlıq və texnika təklif edən müəssisələr də geniş surətdə təmsil olunur. Alman şirkətləri "AgriHort Azərbaycan" sərgisində ilk dəfədir ki, ümumi stendlə iştirak edirlər və həmin stendin tərkibində kənd təsərrüfatı texnikası istehsalında dünya liderləri sayılan nüfuzlu "Claas", "Lemken", "Grimme", "RAUCH" və s. məşhur brendlər var. Bundan əlavə, yeni sərgi iştirakçılarının siyahısına heyvandarlıq ilə məşğul olan Ukrayna şirkətləri, istixanalar və onların istismarı və tikintisində ixtisaslaşan Hollandiya şirkətləri, habelə Rusiyanın heyvanların mühafizəsi üzrə federal mərkəzi daxildir.

Beləliklə, bu ilki sərgilər əməkdaşlıq üçün bir çox yeni imkanlar yaradacaq və ölkədə ərzaq sektorunun formalaşdırılması və inkişafına öz töhfəsini verməklə, Azərbaycanın ərzaq və kənd təsərrüfatı sektorunda yeni texnologiyaların tətbiqinə yardım edəcək.

Məlumat üçün bildirək ki, sərgi öz işini may ayının 17-dək davam etdirəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...