“Elektron hökumət” internet portalı istifadəyə verildi- FOTOSESSİYA

“Elektron hökumət” internet portalı istifadəyə verildi- FOTOSESSİYA

Bu gün "Elektron hökumət" Dövlət İnformasiya sisteminin elektron xidmətlər portalının (www.ehdis.az) I fazası istifadəyə verilib. SİA-nın məlumatına görə, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, portal "bir pəncərə" prinsipi ilə işləyəcək.


Onun sözlərinə görə, portal vasitəsilə göstəriləcək elektron xidmətlərin təxmini siyahısı hazırlanaraq Nazirlər Kabinetinə göndərilib və birinci mərhələdə təsdiqdən keçib: "Artıq portal vasitəsilə əhaliyə xidmətlərin göstərilməsinin vaxtı çatıb. Əsas məqsədimiz elektron portal açılandan sonra əhaliyə elektron xidmətlərin göstərilməsinə başlanılması, onların xidmətlərə olan tələblərini iş müddətində ümumiləşdirib yekunlaşdırmaqdır".


Ə.Abbasov onu da vurğulayıb ki, Azərbaycan vətəndaşları elektron portal vasitəsilə müxtəlif dövlət orqanlarının elektron xidmətlərindən istifadə edə biləcək: \"Portaldan istifadə edə bilmək üçün "elektron imza" kartına sahib olmaq lazımdır\".


Qeyd edək ki, bu ilin aprel ayına qədər portala 16 mərkəzi icra orqanları qoşulub. Onların arasında Daxili İşlər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Təhsil və Səhiyyə nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də var. Nəticədə portala mərkəzi icra orqanlarının 60-a yaxın elektron xidməti inteqrasiya olunub. Portal istifadəyə verildikdən sonra mərkəzi icra orqanlarının portala qoşulması davam etdiriləcək və bütün mərkəzi icra orqanlarının elektron xidmətləri bu portalda əks olunacaq. 2013-cü ilin ikinci yarısında Azərbaycanda 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.


Portaldan istifadə edə bilmək üçün "elektron imza" kartına sahib olmaq lazımdır. 3 il müddətinə verilən "elektron imza" kartı fərdi şəxslərə 20-30 manata, dövlət hakimiyyəti orqanları üçün 135 manata, hüquqi şəxslər üçün isə 168 manata təklif olunur. "Elektron imza"nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə