Arif Vəliyev: “Azərbaycanda ilin sonunadək 3-4 faiz inflyasiya gözləmək olar”
"Bu ilin birinci rübündə ölkədə ÜDM-in istehsalı qeyri-neft sektorunda 7,7 faiz artıb, neft sektorunda isə 4,7 faiz azalıb". SİA-nın xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev 2012-ci ilin birinci rübünə həsr edilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ÜDM ölkədə 0,5 faiz artaraq 12,3 milyard manata çatıb. Əlavə dəyərin 7,5 milyard manatı və ya 63,3% -i sənaye sahələrində, 599,2 milyon manatı (4,9%) tikintidə, 553,9 milyon manatı (4,5%) nəqliyyatda, 294,9 milyon manatı (2,4%) kənd təsərrüfatında və digər sahələrdə istehsal olunub, 802,4 milyon manatı və yaxud 6,5%-ni məhsula və idxala vergilər təşkil edib. Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1346,1 manata və ya 1712 ABŞ dollara bərabər olub. Əlavə dəyərin yarıdan çoxu yaradılan sənaye sahələrində hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi nəzərə alınmaqla 9,4 milyard manatlıq məhsul istehsal olunub və 2011-ci ilin birinci rübü ilə müqayisədə 0,3% azalma müşahidə edilib: "Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 16,6% artaraq sənaye məhsulunun 17,1%-ni təşkil edib, neft sektorunda isə məhsul istehsalı 3,5% azalıb. Sənaye məhsulunun 7,3 milyard manatlığı mədənçıxarma bölgəsində, 1,5 milyard manatlığı, yaxud 15,9% emal bölməsində, 493,4 milyon manatlığı və ya 5,3% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdütrülməsi və təchizatı bölməsində 44 milyon manatı, yaxud 0,5% su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub".
Arif Vəliyev həmçinin ölkədə ilin sonuna kimi ola biləcək inflyasiya rəqəmlərini açıqlayıb: "Azərbaycanda ilin sonunadək 3-4 faiz inflyasiya gözləmək olar. 2012-ci ilin birinci rübündə ölkənin sosial və iqtisadi sahələrin inkişafını əks etdirən makroiqtisadi göstəriclilər bir qədər yüksəlib, əhalinin rifah halını göstərən əmək haqqı və gəlirlər artıb, infilyasiya minimum səviyyədə qalıb".
O, qeyd edib ki, bu ilin birinci rübündə orta hesabla ölkənin hər bir sakinin gəlirləri 792,1 manata çataraq 12,3 faiz artıb. Gəlirlərin 66,4 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 22,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Əhalinin banklara qoyduqları əmanətlərin məbləği keçən ilin müvaffiq dövrü ilə müqayisədə 37,8 faiz artaraq martın 1-nə 4,3 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 62,8 faiz, xarici valyuta ilə isə 15,4 faiz artaraq müvafiq olaraq 2,4 milyard və 1,9 milyard manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB