Ölkə üzrə 350 minə yaxın “smart-kart” tipli sayğac quraşdırıb

Ölkə üzrə 350 minə yaxın “smart-kart” tipli sayğac quraşdırıb
ARDNŞ-nin \'\'Azəriqaz\'\' İstehsalat Birliyi tərəfindən qaz itkisinin qarşısının alınması, təbii qazdan istifadənin səmərəliliyinin artırılması və uçotun düzgün aparılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də \'\'smart-kart\'\' (əvvəlcədən ödəniş) tipli qaz sayğaclarının quraşdırılmasıdır. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, "Smart-kart" tipli sayğacla təchiz edilmiş abonentlərin idarə edilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri üzrə Qaz İstismar Sahələri (QİS) müvafiq proqramlarla təmin olunub, sahə üzrə müvafiq məsul şəxslər seçilib və onlara treninqlər keçirilib. Bakı şəhəri rayonlarının QİS-ləri ilə yanaşı, Gəncə, Sumqayıt, Ağsu, Hacıqabul, Naftalan, Goranboy, Sabirabad və Göygöl rayonlarında da "smart-kart" tipli sayğacların quraşdırılmasına başlanıb. "Smart-kart" tipli sayğacı olan məcburi köçkün statuslu abonentlərə qanunvericilik çərçivəsində ayrılmış limitlərin kartlara vurulması proseduru hazırlanıb. Aparılmış tədbirlər nəticəsində 1 aprel 2012-ci il tarixə ölkə üzrə 345 912 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb. Qeyd edək ki, respublikada quraşdırılan "smart-kart" tipli sayğaclar Fransa Respublikasının İTRON şirkətinin istehsalıdır. Bu tip sayğacların əsas xüsusiyyəti əhalinin öncədən ödəniş etməklə qaz təchizatının təmin olunmasından ibarətdir. Sayğaclar qaz sərfiyyatını dəqiq hesablamaqla yanaşı, müvəqqəti istifadə üçün 1 AZN (10 kubmetr) miqdarında kreditin verilməsi, abonentin istəyinə uyğun olaraq dərhal sayğac üzərindən hesabındakı balans haqqında məlumatın verilməsi, qaz təchizatı zamanı öncədən abonentin qaz xəttində sızmanın təyin olunması, mənzildə istifadə olunan cihazların sərfiyyatı, sayğacın göstəricisi qəbul olunan sərfiyyat miqdarından artıq olduqda dərhal klapanın bağlanması, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma halları olduqda sayğacın avtomatik olaraq koda düşərək bağlanması və məlumatın müvafiq qaydada bazaya ötürülməsi kimi funksiyaları yerinə yetirir. "Smart-kart" tipli sayğaclar abonentlərə "Azəriqaz" İB-nin, mülkiyyət növündən asılı olmayaraq sahibkarlıq subyektlərinə isə istehlakçının öz vəsaiti hesabına quraşdırılır. Qaz kəmərləri təsdiq olunmuş təlimata uyğun olmadıqda "smart-kart" tipli sayğac quraşdırılmır. Sayğaclar mənzillərdə quraşdırıldıqdan sonra abonentlər yerli QİS-ə müraciət edərək ilkin ödəniş kartını heç bir ödəniş etmədən ala bilərlər. Müvafiq kart itirildikdə, zədələndikdə və s. səbəblərdən yararsız olduqda "Azəriqaz" İB-nin bank hesabına 5 (beş) AZN ödəməklə yerli QİS-dən yeni kart əldə etmək olar. Mexaniki sayğac "smart-kart" tipli sayğaclarla əvəz olunduqda qalıq borcun ödənişinin həyata keçirilməsi üçün müvafiq borc protokol şəklində abonent və yerli QİS nümayəndəsi tərəfindən təsdiq edilməlidir. Abonent qeyd olunan borcu dərhal bank vasitəsi ilə müvafiq koduna köçürməlidir. Müvafiq borcun tam ödənişi mümkün olmadıqda və yaxud abonentin hər hansı bir digər səbəbdən ödəniş etmək imkanı olmadıqda, QİS əməkdaşları bu borcu abonentin xüsusi səhifəsində qeyd edir. Hər dəfə abonentin karta yüklədiyi pulun miqdarından 30 faizi tutularaq, onun borcunun azalması və sonda tam şəkildə borcun ödənilməsi avtomatik olaraq təmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə