Paytaxtda evlər real qiymətindən baha satılır, səbəb isə... - ARAŞDIRMA

Paytaxtda evlər real qiymətindən baha satılır, səbəb isə... - ARAŞDIRMA

Son vaxtlar ölkənin tikinti bazarında passivlik hökm sürür. Adətən yeni binalar, mənzillər çox tikiləndə ucuzlaşma hiss olunur, ancaq bizdə bir az fərqlidir. Durğunluğa baxmayaraq mənzillərin qiyməti yüksək olaraq qalır. Satıcıların sayı dəyişməsə də alıcıların sayında kifayət qədər azalma var. Statistikaya görə, paytaxtda 151 tikinti aparan şirkət fəaliyyət göstərir və inşası davam edən 400-dən çox yaşayış binası var. Durğunluğa səbəb isə, ev qiymətlərinin hələ də yüksək olmasıdır. Bəzən evlər hətta real qiymətindən də baha satılır.

Görünməyən xərclər

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadənin sözlərinə görə, mənzilin bir kvadratmetrinin maliyyəti 250 manata çıxır: "Araşdırmalarımıza görə, yəni tikinti şirkətləri arasında apardığımız sorğular da təsdiqlədi ki, mənzilin kvadratmetrinin ən aşağı maya dəyəri 250 manatdır. Burada, həmçinin görünməyən xərclər də olur. Hansı ki, onlar smetada göstərilmir. Onlar birbaşa qiymətlərin qalxmasına təsir göstərir. Görünməyən xərclər isə şirkətlər tərəfindən də açıqlanmır. Sənədləşmə işləri, yerləşdiyi ərazinin qiyməti kənara qoyduqdan sonra bu qiymət ortaya çıxır. İndi bazarda 400 manatdan 4000 min manata qədər ilkin mənzil bazarında evlər var. Bakının 4-cü zonası sayılan ərazilərdə tikilən mənzillərin qiyməti 400-600 manat arasında dəyişir. Amma şəhər mərkəzinə doğru gəldikcə, yəni 1-ci zonada qiymətlər 2500-dən 4000-4500 manat arası dəyişir".

İnsanlar niyə təmirsiz mənzillərə üstünlük verir?

Alıcıların qarşılaşdıqları problemlərdən biri də yeni mənzilin təmiri məsələsi, yəni, bəzən bu vəsaitin evin yarı qiymətinə başa gəlməsi və zaman baxımından əlverişsiz olmasıdır ki, bu amillər də yeni mənzillərə olan tələbatın azalmasına gətirib çıxarır.

Təmirli mənzil məsələsinə gəlincə, mütəxəssis qeyd etdi ki, əhalinin 80 faizi tikintisi başa çatmış təmirsiz mənzillərə üstünlük verirlər: "İstənilən təmirsiz mənzili alan vətəndaş öz zövqünə uyğun olaraq təmir işləri aparır. Məsələn, elə tikinti şirkətləri var ki, təmirli və təmirsiz mənzillər təklif edir. Biz alıcılara təmirli mənzil təklif edən şirkətlər arasında apardığımız sorğuda məlum oldu ki, insanlar bu tip evlərə maraq göstərmir. Çünki təmirli mənzillərin qiyməti baha başa gəlir. Mənzilin hər kvadratmetrinin təmiri üçün ən azı 200 manat tələb olunur. Ümumiyyətlə elit evlərin, hansı ki, kvadratmetri 2500 manatdan yuxarı olan mənzillərin alıcılıq qabiliyyəti çox aşağıdır. Gənc ailələr daha çox ekonom tipli, yəni təmirsiz evlərə, kvadratmetri 400-600 manat arası olan mənzillərə üstünlük verirlər. Yəni mənzili aldıqdan sonra, onu sadə şəkildə təmir etmək onlara daha sərf edir".

Dünyada mənzil qiymətləri

Beynəlxalq əmlak qurumu olan Coldwell dünyanın 30 ölkəsində, mənzillərin ortalama satış qiymətlərini araşdırıb.

Coldwell daha çox bazarda olan, 4 otaqlı və iki hamamı olan mənzillərin ortalama qiymətlərini əks etdirən hesabat dərc edib.

Hesabatdakı qiymətlər isə müxtəlifdir. Belə ki, okeanın o tayında, Kosta-Rikanın Santa Ana şəhərində bu tip mənzilin qiyməti 1 milyon 253 min 750 dollardır. Çexiyanın paytaxtı Praqada isə qiymətlər buradan ikiqat daha ucuzdur - 638 min 750 dollar. Romantik şəhər statusunu hər zaman özündə saxlayan Fransanın baş şəhəri Parisin mərkəzində 4 otaqlı mənzilə sahib olmaq istəyənlər 3 milyon 624 min dollardan keçməlidir. Maliyyə böhranının caynağından hələ də yaxa qurtarmağa çalışan Yunanıstanın paytaxtı Afinada mənzilin qiyməti 632 min 624 dollardır. İndoneziyanın Cakarta şəhərində 354 min 651 dollar, İrlandiyanın Dublin şəhərində 687 min 289 dollar, Romada 1 milyon 777 min 750 dollar, Buxarest şəhərində 562 min 236 dollar, Madriddə 1 milyon 877 min 70 dollardır.

Qardaş Türkiyədə isə mənzillər daha ucuzdur. Misal üçün 4 otaqlı elit mənzilin qiyməti Ankarada 264 min, Antalyada 227 min 500, İstanbulda 417 min 975, İzmirdə isə 311 min dollardır.

Nəzərə alsaq ki, Bakının mərkəzində mənzilin kvadratmetri 5-6 min dollardır və 4 otaqlı bir evin ümumi sahəsi 150 kvadratdan artıqdırsa, o zaman qiymətini siz hesablayın!

Bütün xəbərlər Facebook səhifəmizdə