Azərbaycanın uğurları beynəlxalq sərgidə təqdim olunacaq

Azərbaycanın uğurları beynəlxalq sərgidə təqdim olunacaq
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar "Caspian Telecoms 2012" 11-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında təqdim ediləcək. SİA-nın xəbərinə görə, ITE Turkey/EUF (Türkiyə), ITE Moscow LLC (Rusiya) və Iteca Caspian (Azərbaycan) beynəlxalq şirkətlərin təşkilatçılığı ilə tədbir aprelin 19-da İstanbulda keçiriləcək.


Sərgi-konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Moldova, Monqolustan, Qırğızıstan və başqa ölkələrin iştirakı nəzərdə tutulub.


Tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bəzi telekommunikasiya şirkətləri təmsil edəcəkdir.


Qeyd edək ki, "Caspian Telecoms 2012"-nin işində dünyanın 35 ölkəsindən 400 nümayəndənin (avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə strukturları, beynəlxaql təşkilatlar və s.) iştirakı gözlənilir. "Caspian Telecoms 2012" çərçivəsində keçiriləcək müzakirələr və məruzələr rabitə siyasəti, perspektiv texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və s. aktual məsələləri əhatə edəcəkdir.

"Caspian Telecoms" 2001-ci ildən keçirilir və hər il telekommunikasiya bazarının dünya liderlərini bir araya gətirir. Konfrans Xəzər regionunda, MDB ölkələrində, Türkiyədə və Mərkəzi Asiyada telekommunikasiya və informasiya texnologiyaları üzrə aparıcı forumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə