İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xəzər rayonunda Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində Elşad Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub. Həmçinin Yasamal rayonunda B.Məmmədov küçəsi, məhəllə 619 ünvanında yerləşən "Qızıl quyu market"də, S.Rəhimov küçəsi, 34 ünvanında İlahə Şərifovaya məxsus mağazada, B.Məcidov küçəsi, ev 19 ünvanında Tofiq Quliyevə məxsus mağazada; Binəqədi rayonunda Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi, 11 ünvanında Cəmaləddin Abdurzayevə məxsus mağazada; Xəzər rayonunda Buzovna qəsəbəsində Ramin Əliyevə, Elçin Şıxəliyevə, Fəraşət Rəhimova, Arif Rəhimova məxsus mağazalarda və "Zağulba market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Sumqayıt şəhərində Koroğlu prospekti, 12-ci mikrorayonda Rahid Kərimova məxsus mağazada isə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Monitorinqlər zamanı Qusar şəhərində Muxtadır küçəsində yerləşən "Qastronom market"də; Xaçmaz rayonunda Alekseyevka kəndində Natəvan Mürsəlovaya məxsus mağazada; Beyləqan rayonunda Magistral küçəsində Amil Abdullayevə və Qiyas Xəlilova məxsus mağazalarda; Yevlax rayonunda Füzuli küçəsində yerləşən "Orxan market"də saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 460 kq-dan çox ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB