Vüqar Bayramlı: \"Prezidentin imzaladığı sənəd etnik ermənilərin öz əmanətlərini almasına heç bir məhdudiyyət qoymur\" - MÖVQE

Vüqar Bayramlı: \"Prezidentin imzaladığı sənəd etnik ermənilərin öz əmanətlərini almasına heç bir məhdudiyyət qoymur\" - MÖVQE

Prezident İlham Əliyevin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərmanı Ermənistan ordusunun işğalı altında olan Dağlıq Qarabağın erməni mənşəli yerli əhalisinə də şamil edilə bilər. SİA-nın məlumatına görə, bu 3 halda baş verə bilər.

Birincisi, əmanətlər 1992-ci il 1 yanvar tarixinə kimi qoyulmalıdır. İkincisi, həmin əmanət hesabda bu fərman qüvvəyə minən tarixə qədər saxlanmalıdır. Üçüncüsü, əmanətçi və ya onun vərəsəsi Azərbaycan vətəndaşı olmalıdır. Yəni Dağlıq Qarabağda yaşayan hər bir yerli sakin müraciət edərək Azərbaycan vətəndaşlığı barədə sənədlərini əldə edərsə, həmin sənədləri təqdim edərək əmanətlərinə görə kompensasiya ala bilər.

İqtisadçı ekspert Vüqar Bayramlı əmanətlərin indeksasiyası barədə prezident fərmanının Azərbaycan vətəndaşlığını bərpa etmək istəyən Dağlıq Qarabağ ermənilərinə də şamil edilməsini müsbət addım sayır. Onun sözlərinə görə, Azərbaycan dövləti öz ərazisində yaşayan bütün millətlərin və eləcə də Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda yaşayan etnik ermənilərin sosial-iqtisadi hüquqlarını qorumaq öhdəliyinə malikdir və buna əməl edir. Ekspert hesab edir ki, Prezidentin imzaladığı sənəd Azərbaycan vətəndaşı olan etnik ermənilərin öz əmanətlərini almasına heç bir məhdudiyyət qoymur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada yaşayan bütün millətlər ölkədəki sosial hüquqlardan da istifadə edə bilərlər.


Bu cür yanaşma əsasən gənc, iqtisadçılar tərəfindən xüsusilə önə çıxarılır və bu da Dağlıq Qarabağın yoxsul erməni sakinlərinin də Azərbaycanın sosial-iqtisadi inkişafına qoşulmasına yeni bir sosial sifariş dalğasının başladığını göstərir. Hər halda ölkəmizin Dağlıq Qarabağ ermənilərinə belə bir şans verməsi bir daha Azərbaycanın sülhə nə qədər sadiq olduğunu dünya ictimaiyyətinə göstərəcək. Onlar bu şansdan istifadə etmək istəsələr də, istəməsələr də, sülh yolu torpaqlarımızın qaytarılacağı təqdirdə, ermənilərlə normal qonşuluq əlaqələri qurmaq niyyətimizi nümayiş etdiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə