Vüqar Bayramov: \"Yalnız Kapital Bankın əmanətləri geri qaytarması problem yaratmayacaq\"- MÜSAHİBƏ (SƏS TV)
İqtisadçı ekspert Vüqar Bayramovun Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərmanı ilə bağlı SƏS TV-yə müsahibəsi:
- Sizin Sovet bankında əmanətiniz olub?
- Mənim dövlət bankında pulum olmayıb. Çünki müəllim ailəsində böyümüşəm. O zaman da müəllim ailəsi yalnız qazancı ilə öz ailəsini saxlayıb. Bankda yerləşdirmək üçün də əlavə pulumuz olmayıb. Baxmayaraq ki, sərəncam 1 milyon 800 min Azərbaycan vətəndaşını əhatə edəcək, ancaq çox təəssüf olsun ki, həmin insanların içində mən yoxam.
- Prezidentin sərəncamı imzalamasını necə qiymətləndirirsiniz?
- Təbii ki prezidentin imzaladığı sərəncamı yüksək qiymətləndirmək lazımdır. Çünki bu məsələ uzun müddətdir ki gündəmdə idi. Ölmüş əmanətlərin geri qaytarılması məsələsi hər zaman müzakirə olunurdu. Prezident praktiki olaraq bu məsləyə nöqtə qoydu. Sərəncama əsasən əmanətlər il yarım ərzində ölkə vətəndaşlarına qaytarılacaq və proses iyunun 1-də başlanılacaq. Bu tarixdən etibarən vətəndaşlar Kapital Banka müraciət edərək öz əmanətlərini geri götürə bilərlər. Nəzərə alsaq ki, sovet banklarında olan əmanətlər rublla idi və Azərbaycan manatı ilə əvəz olunmasına ehtiyac var. 1992-ci ilin yanvarın 1-dək Sovet Bankında 4,8 milyard rubl pul yerləşdirilmişdi. Həmin əmanətlərin əksər hissəsi də Azərbaycan əmanət banklarında yerləşdirilmişdi. Bu isə təxminən 2 milyon əhalini əhatə edirdi. Rublla yerləşdirilən əmanətlərin manatla geri qaytarılması üçün manatın indekssasiyasına ehtiyac var. İndekssasiya sistemi hesablanan zaman qanunvericilikdə manat və rublla bağlı qəbul edilən qərar var. İlk olaraq 1992-ci ilin avqustunda manat dövriyyəyə girib. O zaman 1 manat 10 rubla bərabər idi. 1 yeni manat isə o vaxtın 5000 min manata bərabər oldu. Bunu nəzərə alaraq sərəncamda müvafiq cədvəl hazırlanıb. Cədvələ görə əmanətlər intervala görə geri qaytarılacaq. Yəni 2000 rubla qədər olan əmanətlərin hesablanması qaydası daha yüksəkdir. Hər qəpiyə görə 75 manat ödəniləcək. Əgər vətəndaşın sovet bankında 2000 manat pulu olubsa, o zaman 300 manat alacaq. Yox əgər əmanətçinin pulu 2000-dən çoxdursa və 5000 mindən azdırs,a 300 manatdan əlavə hər qəpiyi 50 manata vurmaqla əmanətin məbləği hesablanacaq.
- Əmanətlərin geri almaq üçün vətəndaşlara hansı sənədlər lazımdır?
- Bildiyiniz kimi, əmanətlərin qaytarılmasına Kapital bank baxacaq. Bu bank müvəkkil bank olaraq əmanətlərin geri qaytarılmasını həyata keçirir. Vətəndaşlar həmin banka və onun filiallarına müraciət etməklə istədikləri suallara cavab tapa bilərlər. Bu zaman onlar əmanət kitabçası, şəxsiyyəti təsdiq edən sənədlə banka müraciət edəcəklər. Əgər əmanətçinin əmanət kitabçası itibsə və ya oradakı hər hansı bir məlumat zədələnibsə o zaman Kapital bankda və ya filiallarda yaradılan xüsusi komissiyalara yaxınlaşmalıdırlar. Həmin komissiyada vətəndaşın müraciətinə baxılacaq. Əgər vətəndaşın müraciəti düzgündürsə, o zaman komissiya vətəndaşa həmin əmanətin qaytarılması üçün qərar verəcəklər. Hətta sərəncamda dünyasını dəyişən əmanətçilərin də əmanətlərinin qaytarılması nəzərdə tutub. Həmin pullar onların varislərinə veriləcək. Varis notarial qaydada varisliyi təsdiq olunmuş sənədi ilə kapital banka müraciət edəcək.
- Yalnız Kapital Bankın əmanətləri geri qaytarması problem yaratmayacaq ki?
- Problem yaratmayacaq. Çünki Kapital bank əmanət bankının varisidir. Kapital bank Azərbaycanda ən böyük şəbəkəyə malik olan bankdır. Bütün rayonlarda filialları mövcuddur. Bununla yanaşı məlumatlar həm də orada cəmləşib. Digər bankların bu işə cəlb edilməsi qeyri- mümkündür, çünki bütün məlumatlar yalnız Kapital bankdadır. Yalnız oradakı məlumatlar əsasında əmanətlərin qaytarılması mümkün olacaq. Əmanətlərin son verilmə tarixi isə 2013-cü ilin dekabrın sonudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB