Azərbaycanda daşınmaz əmlakın elektron qeydiyyatna başlanılacaq
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində yaradılacaq elektron-qeydiyyat informasiya sisteminin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, bu sistemin yaradılması və tətbiqi məqsədi ilə NETCAD və \"Saybernet\" şirkətləri ilə müvafiq müqavilə imzalanıb. Yaxın zamanlarda tətbiqinə başlanacaq elektron-qeydiyyat informasiya sistemi daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərinə göstərilməsinə imkan verəcək: "Bu da daşınmaz əmlakın elektron qeydiyyatı bu sahədə \"bir pəncərə\" prinsipinin tam tətbiqinə imkan verəcək. Həmçinin elektron qeydiyyatı proseduraların sadələşdirilməsi və sürətləndirməsi ilə yanaşı, bu sahədə şəffaflığı və etibarlığı artıracaq".
O vurğulayıb ki, komitə daşınmaz əmlak üzərində hüquqların elektron qeydiyyatına keçidlə bağlı müvafiq işlər görür: "Belə ki, ƏMDK və onun yanında daşınmaz əmlak üzrə Dövlət Reyestr Xidmətinin internet səhifələrində elektron xidmətlər bölməsi yaradılıb. Daşınmaz əmlakın elektron qeydiyyatı üçün vacib şərtlərdən biri elektron arxivinin də rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu istiqamətdə də mühüm addımlar atılıb. Belə ki, layihə çərçivəsində komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 190 mindən çox əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə mətn məlumatları elektronlaşdırılaraq milli qeydiyyat sisteminin elektron bazasına daxil edilib".
Dünya Bankının Azərbaycan üzrə həyata keçirilən daşınmaz əmlak layihəsinin rəhbəri Malkelm Childress bildirib ki, Azərbaycanın daşınmaz əmlakının qeydiyyatı ilə bağlı elektron xidmətlər iki mərhələdə tətbiq ediləcək. İlk mərhələyə martın 1-dən başlanılıb. İkinci mərhələyə mayın 1-dən start veriləcək: "Elektron xidmətlərin 1-ci mərhələsində şəxslər əmlakın qeydiyyatı üçün müraciəti elektron formada edib, bunu üçün tələb olunan sənədləri DƏDRX-in yerli ofislərinə ado qaydada təqdim etməli idilərsə, 2-ci mərhələdə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada internet vasitəsi ilə göndərilə biləcək. Yaradılacaq internet portalı həftədə 7 gün 24 saat işləyərək müraciətləri komitənin yerli ofislərinə çatdıracaqlar".
Təqdimat mərasimində müvafiq dövlət qurumları, QHT, hüquqi və fiziki şəxslər iştirak ediblər və elektron qeydiyyat informasiya sisteminin mahiyyəti, iş prinsipi və ondan istifadə barədə fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB