ARDNŞ-in prezidenti Niderlandın infrastruktur və ətraf mühit naziri ilə görüşüb

ARDNŞ-in prezidenti Niderlandın infrastruktur və ətraf mühit naziri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Niderlandın infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Niderlandın infrastruktur və ətraf mühit naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışaraq bu görüşdən məmnun qaldığını bildirib: ""Prezidentlə görüşümüz zamanı qeyd olundu ki, neft strategiyası Azərbaycanın dövlət başçısının siyasi kursunun çox mühüm hissəsidir və bu strategiyanı ARDNŞ həyata keçirir. Odur ki, biz bu böyük Şirkətdə görüş keçirmək, onun fəaliyyəti ilə yaxından tanış olmaq qərarına gəldik. Prezident Azərbaycanı regional logistika mərkəzi kimi görmək istədiyini bildirdi. Bizə məlumdur ki, ARDNŞ həm də ölkənin logistika sahəsinin inkişafı istiqamətində mühüm işlər görür".

Görüşdə R.Abdullayev şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında söz açıb. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın tutduğu mövqe, "Şahdəniz" yatağının işlənilməsi layihəsinin 2-ci mərhələsi, yeni qaz-kondensat yataqlarının açılmasından, habelə həyata keçirilən infrastruktur layihələrindən danışıb.

Şirkətin prezidenti qeyd edib ki, Gəmiqayırma və Karbamid zavodlarının inşası, yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin tikintisinə hazırlıq, Türkiyədə "Petkim", Gürcüstanda Kulevi limanlarında aparılan inşaat, genişləndirmə və yenidənqurma işləri çərçivəsində Niderlandın nəqliyyat və logistika şirkətləri ilə ARDNŞ-nin sıx əməkdaşlığı üçün böyük perspektivlər yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə