Rövnəq Abdullayev Niderlandın nümayəndə heyəti ilə görüşüb

Rövnəq Abdullayev Niderlandın nümayəndə heyəti ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyətinin görüşü olub. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdən əvvəl R.Abdullayev xanım Melanie Schultz van Haegen-Maas Geesteranusu, nümayəndə heyətinin qadın üzvlərini və görüşdə iştirak edən ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəni 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara gül dəstələri təqdim edib.


Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranus bu bayram günündə vaxt tapıb onları qəbul etdiyinə və səmimi təbrikinə görə ARDNŞ prezidentinə təşəkkürünü bildirib, ölkəmizə səfərindən, dünən Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsindən məmnun qaldığını söyləyib. "Cənab prezidentlə görüşümüz zamanı qeyd olunub ki, neft strategiyası Azərbaycan dövləti başçısının siyasi kursunun çox mühüm hissəsidir və əsasən ARDNŞ tərəfindən həyata keçirilir. Odur ki, biz bu böyük şirkətdə görüş keçirmək, onun fəaliyyəti ilə yaxından tanış olmaq qərarına gəldik. İlham Əliyev Azərbaycanı regional logistika habı kimi görmək istədiyini bildirib və bizə məlumdur ki, ARDNŞ həm də ölkənin logistika sahəsinin inkişafı istiqamətində mühüm işlər görür".


Qonaqlara ARDNŞ-nin fəaliyyəti haqqında ətraflı məlumat verən R.Abdullayev Azərbaycanın yüksək templərlə dinamik inkişaf etməsində şirkətin mühüm rol oynadığını qeyd edib, ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında söz açıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın tutduğu mövqe, "Şahdəniz" yatağının işlənilməsi layihəsinin 2-ci mərhələsi, yeni qaz-kondensat yataqlarının açılmasından, habelə həyata keçirilən infrastruktur layihələrindən danışan R.Abdullayev deyib ki, Gəmiqayırma və Karbamid zavodlarının inşası, yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin tikintisinə hazırlıq, Türkiyədə "Petkim", Gürcüstanda Kulevi limanlarında aparılan inşaat, genişləndirmə və yenidənqurma işləri çərçivəsində Niderland Krallığının nəqliyyat və logistika şirkətləri ilə ARDNŞ-nin sıx əməkdaşlığı üçün böyük perspektivlər yaranıb.


Şirkət rəhbəri son illər Azərbaycan prezidentinin təşəbbüsü ilə ölkədə ekoloji hərəkatın geniş vüsət aldığını nəzərə çatdırıb, bu prosesdə ARDNŞ-nin fəal iştirak etdiyini söyləyərək neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışıb, bu sahədə də əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib.


Daha sonra Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyətində təmsil olunan şirkət rəhbərlərinin sualları cavablandırılıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə