ARDNŞ prezidenti “Qatar Petroleum İnternational” şirkətinin nümayəndə heyəti ilə görüşüb

ARDNŞ prezidenti “Qatar Petroleum İnternational” şirkətinin nümayəndə heyəti ilə görüşüb

ARDNŞ-nin Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə "Qatar Petroleum İnternational" şirkətinin Baş icraçı direktoru Nasser Əl-Cəidanın başçılıq etdiyi nümayəndə heyətinin görüşü olub.

Şirkətin mətbuat xidmətindən SİA-yaverilən məlumata görə, qonaqları səmimi salamlayan ARDNŞ prezidenti Azərbaycan və Qətər dövləti arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirmiş, bu dost ölkənin dünya neft-qaz bazarında özünəməxsus yer tutduğunu məmnunluqla söyləyib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən "Qatar Petroleum İnternational" şirkətinin Baş icraçı direktoru Nasser Əl-Cəida Azərbaycanın Qətərə dost və qardaş ölkə olduğunu və son illər bütün dünyada iqtisadi inkişaf sürətinə görə əhəmiyyətli nəticələr əldə etdiyini deyib.

O bildirib ki, ARDNŞ və "Qatar Petroleum" dövlət şirkətləri olaraq Azərbaycan və Qətərin iqtisadi inkişafında, eyni zamanda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayırlar. Daha sonra qonaq Qətərin təbii qaz hasilatı, eləcə də maye qaz istehsalı üzrə dünyanın ən böyük mərkəzlərindən biri olduğunu söyləmiş, təmsil etdiyi şirkət haqqında ARDNŞ prezidentinə məlumat verib.

Görüşdə ARDNŞ ilə "Qatar Petroleum" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə