Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib

Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib
Bu gün Bakıda səfərdə olan Qazaxıstanın Aktyubinsk vilayətinin qubernatoru Arximed Muxambetovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda olub, Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Arximed Muxambetov bir sıra görüşlər keçirib. Nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də görüşüb. Görüşdə Azərbaycan və Qazaxıstan arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı rəsmi səfərlərin, imzalanmış sənədlərin, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilib. Tədbirdə Azərbaycan və Qazaxıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, energetika, sənaye, daşınmaz əmlak və tikinti, kənd təsərrüfatı və qida sənayesi, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak dib.


Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər, eləcə də Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr barədə məlumat verib.

AZPROMO-nun rəhbəri Adil Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun həyata keçirdiyi layihələr, Aktyubinsk vilayətinin qubernatorunun müavini Roza Kemalova isə ölkəsinin investisiya imkanlarına dair təqdimatlarla çıxış ediblər. Tədbir çərçivəsində Azərbaycanın və Qazaxıstanın Ticarət və Sənaye Palataları arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycana səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə də tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə