“Günəşli\'\' yatağında yeni dərin dəniz özülünün inşası uğurla davam etdirilir
\'Azneft\'\' İstehsalat Birliyinin sifarişi ilə \'\'Neftqazelmitədqiqatlayihə\'\' İnstitutunun layihəsi əsasında "Günəşli\'\' yatağında quraşdırılması nəzərdə tutulan yeni dərin dəniz özülünün inşası uğurla davam etdirilir.
ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,8 moduldan ibarət 7 nömrəli özülün dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda quraşdırılır. Özülün baş podratçısı \'\'Neftqaztikinti\'\' Trestidir. Modullardan 6-sı H.Əliyev adına BDÖZ-də, 2-si isə "Neftqaztikinti" Trestinin Zığdakı tikinti-quraşdırma meydançasında yığılır.
12 quyuluq, o cümlədən 4 neft, 8 qaz quyusu özül dənizin 140-150 metr dərinliyində quraşdırılacaq. Burada Çin istehsalı olan 1 dəst qazma qurğusu, vertolyot meydançası, müasir tələblərə cavab verən yaşayış bloku, məişət bloku, avtomatik yanğınsöndürmə, nəzarət və idarəetmə sistemləri, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıq quraşdırılacaq. Özül həmçinin, yükgötürmə qabliyyəti 30 ton olan 2 ədəd gəmi kranı, 42 nəfərlik tanker tipli xilasetmə qayığı və hər biri 10 nəfərlik bir neçə xilasedici sal ilə təchiz ediləcək. Həmçinin özül Rixter şkalası ilə 9 ballıq zəlzələyə davamlı olacaq.
Özülün inşasının bu ilin sonuna kimi başa çatdırılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB