“Financial Times”: ““Nabucco” layihəsinin yaşamaq qabiliyyəti barədə suallar yaranıb”

“Financial Times”: ““Nabucco” layihəsinin yaşamaq qabiliyyəti barədə suallar yaranıb”

Azərbaycanla Türkiyənin son addımlarından sonra Avropanın ən ambisiyalı "Nabucco" layihəsinin yaşamaq qabiliyyəti barədə suallar yaranıb. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Financial Times" qəzeti yazıb.

Biznes dairələrinin nüfuzlu nəşrinə görə, "Nabucco" layihəsinin yenidən nəzərdən keçirilməsi BP-nin başçılıq etdiyi konsorsiumun Avropa bazarlarına qaz ixrac etməyə hazırlaşdığı bir vaxta təsadüf edir. Qəzet yazır ki, 8 milyard avro dəyərində olan layihə bahalıdır və onu qazla təmin etmək üçün sazişlər əldə olunmayıb: ""Nabucco"nun müqəddəratı Xəzərdəki "Şahdəniz"lə bağlıdır ki, 2017-ci ildən etibarən ildə 16 milyard kubmetr qaz verəcək yatağın ikinci mərhələsinin inkişafına BP, Statoil, Total və ARDNŞ 22 milyard dollar həcmində yatırım qoyur. "Şahdəniz" qazının 6 milyard kubmetri Türkiyəyə və yerdə qalanı Avropaya göndəriləcək", - məqalədə deyilir.

\"Nabucco\"ya isə ildə 31 milyard kubmetr qaz lazımdır. "Financial Times" qəzetinin icmalında deyilir ki, ötən il "Şahdəniz" qazının Avropaya ixracı üzrə tenderə qatılan kəmər layihələri – "Nabucco", İTGİ və TAP qazın nəqli ilə bağlı tariflərini təqdim edib. BP ilə partnyorları ilin sonunadək bu layihələrdən birini seçməliydilər. Lakin bu müddət cari ilin ilk rübünə qədər uzadıldı.

Nəşr bildirib ki, ötən il Ankara ilə Bakı \"Nabucco\"nun Türkiyə marşrutunu təkrarlayaraq Azərbaycandan Bolqarıstanı bağlayan Tanap kəməri barədə razılıq əldə ediblər: "Amerikanın dəstəklədiyi layihə "Şahdəniz-2" qazını daşıyaraq gələcəkdə əlavə Azərbaycan qazını nəql etməyə qadirdir. BP öz növbəsində Cənub-Şərq Avropa Kəməri təşəbbüsü ilə çıxış edib. "Nabucco"nun səhmdarları hələ də şansa malik olduqlarını bildirirlər".

RWE şirkətindən Stefan Judisch isə hesab edir ki, "Nabbucco" realdır. Onun sözlərinə görə,buna dəlalət edən odur ki, indiyədək "Nabucco" rəqibinin heç birinə üstünlük verilməyib. "Financial Times" "Nabucco" konsorsiumuna yaxın mənbəyə istinadən yazır ki, partnyorlar Tanapın davamı olaraq tam miqyaslı layihədən 60 faiz ucuz olacaq "Nabucco" Qərb (Nabucco West) adlanan daha yüngül layihəni seçə bilərlər.

Hərçənd ki, bir çox təhlilçiyə görə "Şahdəniz" konsorsiumu "Nabucco"nu qırağa qoyaraq İTGİ, TAP və yaxud da BP-nin təklif etdiyi layihələrin kombinasiyalarından istifadə edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə