İlham Şaban: “Davos İqtisadi Forumunda yüksək səviyyədə təmsil olunmağımız Azərbaycan üçün böyük uğurdur ” - MÜSAHİBƏ

İlham Şaban: “Davos İqtisadi Forumunda yüksək səviyyədə təmsil olunmağımız Azərbaycan üçün böyük uğurdur ” - MÜSAHİBƏ

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, analitik İlham Şabanın Səs TV-yə müsahibəsi


- İlham müəllim, bildiyiniz kimi bu ilin yanvar ayının 26-dan başlayan Davos Dünya İqtisadi Forumu yanvarın 29-da başa çatdı. Forumda hansı nəticələr əldə olundu?

- Forum bir məkandır və burada iştirak edən dövlətlərə, qurumlara imkan verilir ki, həm ötən ilin iqtisadi durumu, həm də 2012-ci illə bağlı özlərinin bilgilərini, baxışlarını bölüşsünlər. Bu baxımdan bu il keçirilən Davos İqtisadi Forumu bir çox məqamları ilə yadda qaldı. Tədbirin qarlı, şaxtalı, soyuq və ağır hava şərtləri altında keçməsi də Forumun yaddaqalan məqamlardan biri idi. Gözlənilənin əksinə olaraq 2011-ci ilin açıqlanan iqtisadi nəticələri bir daha sübut etdi ki, verilən proqnozlar özünü doğrultmayıb. Avropanın aparıcı ölkələrində və ABŞ-dakı iqtisadi templər əvvəlcədən nəzərdə tutulan iqtisadi templərdən aşağı olub. Avropa 2012-ci ilə daha ağrılı problemlərlə qədəm qoyub. Burada söhbət iqtisadiyyatı bürüyən problemlərdən, yəni həm maliyyə problemindən, eyni zamanda iqtisadiyyatın tempinin və insanların həyat səviyyəsinin, mal və xidmətlərin tempinin aşağı düşməsindən gedir. Təbii ki, bütün bunların fonunda hamını maraqlandırır ki, bu ölkələr 2012-ci ili necə keçirəcəklər.


- Davos Dünya İqtisadi Forumunun Azərbaycan üçün yaddaqalan məqamları hansılar oldu?

- Azərbaycan budəfəki tədbirə əvvəlki forumlardan fərqli olaraq, cənab Prezident başda olmaqla daha böyük nümayəndə heyəti ilə qatılmışdı. Orada Azərbaycanın iki hissədən ibarət təqdimatı oldu. Birincisi, Azərbaycan Prezidentinin və nümayəndə heyətinin qatıldığı görüşlər idi. Bu görüşlərin əsas məqsədi Azərbaycanın son illərdə iqtisadi sahədə qazandığı uğurların, ölkəmizin növbəti gələcək 10 ilə planlaşdırdığı iqtisadi layihələrin, müxtəlif səpkidə, sahələrdə Azərbaycanla maraqlanan avropalılara, iş adamlarına, biznes qurumlarına izahatından ibarət idi. İkinci hissə isə, Dövlət Neft Şirkətinin fəaliyyəti, eyni zamanda Azərbaycan enerjisi adlı bir təqdimat idi. Çox yaddaqalan bir tədbir oldu. Həmin tədbirdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger də çıxış etdi. Bu tədbirdə Azərbaycanda marağı olan, hətta ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərməyən bir çox Avropa şirkətləri iştirak etdilər. Təbii ki, bütün bunlar Avropanın Azərbaycan qazına olan marağından irəli gəlirdi. Bunun fonunda Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı, belə yüksək səviyyədə təmsil olunması ölkəmiz üçün böyük uğurdur.


- Forumdakı müzakirələr, bu beynəlxalq iqtisadi tədbirdə alınan qərarlar 2012-ci ildə artıq işartıları görünən qlobal maliyyə böhranın qarşısını ala biləcəkmi?

- Bu Forumda Avropanın zəif həlqələri sayılan Yunanıstan, Portuqaliya, İtaliya, İspaniya kimi ölkələrin iqtisadi durumuna, müxtəlif dövlət büdcələrində olan xərclərin azaldılmasına müxtəlif aspektlərdən yanaşıldı. Ancaq diqqətçəkən məqam o oldu ki, həm Beynəlxalq Valyuta Fondunun, həm də Dünya Bankının sədri Forumda çıxış edərək bildirdilər ki, 2012-ci il ölkələrin iqtisadi kursu düzgün seçilib. Amma sosialyönümlü layihələri çox sıxmaq olmaz. Çünki bu, əks nəticə verə bilər. Bunları lazımlı formada həyata keçirməyin yollarını dəqiqləşdirmək lazımdır. Əgər bu, relsin üzərinə qoyularsa, 2012-ci ilin normal gözləntilərlə başa vurmaq olar.


- Bu il neft-qaz sektorunda Azərbaycanı gözləyən uğurlar hansılardır?

- 2012-ci il Azərbaycanın enerji sektorunda çox böyük layihələri var. Bunun ən böyüyü \"Şahdəniz\" yatağının \"Mərhələ 2\" layihəsidir. \"Şahdəniz\" layihəsi çərçivəsində çoxmilyardlıq bir layihənin tikintisinə start verilir. Bu isə yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda Azərbaycan Türkiyədən Azərbaycan qazının Avropaya hansı marşrutla ixrac etməsi ilə bağlı qərar verməlidir. Bu da yeni bir canlanma deməkdir. Bundan əlavə Azərbaycanda moderinzə işləri olacaq. Bu ilin sonuna kimi \"Azəri-Çıraq-Günəşli\" layihəsi çərçivəsində "Dərinsulu Günəşli" yatağının, həmçinin, "Çıraq-2" platformasının tikilib başa çatdırılması gözlənilir. Bütün bunlar çox böyük layihələrdir. Təqribən 4,5 milyard manata yaxın neft sektoruna investisiya qoyulması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə